Şöbə müdiri: “Belə məsləhət olundu ki, bal yarmarkası yığışdırılsın”
Oktyabrın 17-dən noyabrın 5-dək keçirilməsi nəzərdə tutulan arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası vaxtından əvvəl - bu gün dağıdıldı.
Modern.az saytı xəbər verir ki, metronun “Gənclik” stansiyasının yaxınlığındakı “Laləndə” şadlıq sarayında açılan arıçılıq məhsullarının yarmarkası 20 gün çəkməli idi. Bu müddətin əvəzində arıçılar yerpulu da ödəmişdilər. Lakin yarmarkanın başa çatmasına bir həftə qalmasına baxmayaraq, bu gün saat 16.00 radələrində Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Nərimanov rayon Polis İdarəsi əməkdaşları ilə birgə “Laləndə” şadlıq sarayın gələrək arıçılardan yarmarkadan çıxmağı tələb ediblər.
Modern.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, nazirlik nümayəndələrinin gözlənilməz tələbindən təəccüblənən arıçılar əvvəlcə yarmarkanı tərk etmək istəməyiblər. Amma işə hadisə yerinə çağırılan polislər müdaxilə edəndən sonra arıçılar "Laləndə”dən qovulublar. Buna etiraz edən arıçıların yarmarka ərazisindən keçən Atatürk prospektinə toplaşması bir müddət nəqliyyatın hərəkətiə də maneçilik törədib, yolda tıxac yaranıb. Arıçılar tələb ediblər ki, qalan 5 günə görə ödədikləri yerpulu onların özlərinə qaytarılsın. Lakin nazirlik nümayəndələri buna məhəl qoymayıblar və polis əməkdaşları arıçıları Atatürk prospektindən də uzaqlaşdırıb.
Maraqlıdır, Kənd Təsərrüfatı Nazirliyi özü təşkil etdiyi qanunu yarmarkanı niyə vaxtından əvvəl dağıtdı?
Modern.az saytının əməkdaşı suala cavab almaq üçün nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcova müraciət edib. Ç.Fərəcov bal yarmarkasının vaxtından əvvəl başa çatdığını təsdiqləyib. Lakin o, bunun üçün əsaslı səbəb göstərməyib. Şöbə müdiri Modern.az-a bildirib ki, noyabrın 5-dək davam etməli olan bal yarmarkasını oktyabrın 31-də bağlamaq qərara alınıb. Onun sözlərinə görə, artıq 14 gün idi ki, yarmarka keçirilirdi.
“Belə qərar verildi ki, yarmarkanın keçirilməsi üçün bu müddət bəs edər. Odur ki, bal yarmarkası başa çatdı. Hökumət belə məsləhət gördü ki, bal yarmarkasının keçirilməsi üçün 14 günlük müddət bəs edər. Artıq 14 gün idi ki, yarmarka keçirilirdi. Ona görə də yarmarka vaxtından əvvəl başa çatdı”.
Qeyd edək ki, arıçılıq məhsullarının yarmarkasında Kənd Təsərrüfatı Nazirliyi vahid qiymət tətbiq etmişdi ki, 15 manatdan baha bal satılmasın.
Gültəkin Ələsgər