Yazıçılar Birliyinin sədri Anarın “Xalq yazıçısı”, “Xalq şairi” kimi fəxri titulların geri alınması ilə bağlı təklifinə bəziləri dəstək verir, bəzilər də yox. Modern.az-a açıqlamalarında Xalq yazıçıları Fikrət Qoca və Əkrəm Əylislinin fikirləri bunu təsdiqləyir.
Yazıçılar Birliyinin katibi Fikrət Qoca “Mən indi desəm ki, lazım deyil, deyəcəklər ki, özləri aldılar, bizə çatanda deyirlər ki, lazım deyil”, – deyə məsələyə münasibət bildirib.
“Bu mənada mən almamışdan əvvəl soruşsaydınız, deyərdim ki, bu ayrı-seçkilikdir. Dünyada belə bir ad yoxdur. Amma indi deyə bilmirəm, dilim qısadır. Yəni bu adlar məndə də var. Deyəcəklər ki, o vaxt dinməyib, indi dinir”.
F.Qoca bildirib ki, addan gərək ad verilən zaman imtina edilsin. “Onu da o vaxt prezident Heydər Əliyev mənə verib. Mən gördüm ki, siyahı çıxıb. Anarın, mənim və digər 8 adamın adı var. Mən etiraz eləmədim. Çünki bu dövlətin əleyhinə çıxmaq idi, dövlətin prezidentinin mükafatına qarşı çıxmaq idi. Amma indi də biz yığışıb niyə imtina edək? Başa düşmürəm. Bu qəliz vəziyyətdir. Mənə elə gəlir ki, bu adların özləri get-gedə sıradan çıxacaq”, – deyə F. Qoca əlavə edib.
Xalq yazıçısı Əkrəm Əylisli isə bildirib ki, bu məsələni hələ 1978-ci ildə müzakirə ediblər. Fəxri adların verilməsinin doğru olmadığını qeyd edən yazıçının sözlərinə görə, bu titullar yazıçıları bir-birindən ayırır, ayrı-seçkilik salır.
“Birinə Xalq yazıçısı adı verib, digərinə verməmək düzgün deyil. Hər halda yazıçı yazıçıdır. Ortababı da var, pisi də. Hər cürəsi var. Mən hələ 1978-ci ildə hələ “Azərbaycan” jurnalında redaktor olanda Azərbaycan yox, “Azərbaycan SSR-in Xalq yazçısı” yazırdım. Deyirdim ki, belə düzdür. Deyirdilər ki, yox, biz Azərbaycanın xalq yazıçısıyıq. Mən də dedim ki, onda biz gərək M.Ə.Sabirdən də yazanda deyək ki, Azərbaycanın Xalq şairi... Məsələn, Musa Yaqub, Ramiz Rövşən niyə Xalq şairi deyillər? Onlar digərlərindən az oxunur? Onları xalq daha çox sevir. Niyə Seyran Səxavət Xalq yazıçısı olmasın? O birilərdən nəyi əksikdir? Amma Əməkdar incəsənət xadimi adını saxlanmasının tərəfdarıyam. Çünki o, əməyə verilən qiymətdir”.
Yazıçı bildirib ki, sözügedən fəxri adlar Səməd Vurğun vəfat edərkən təsis olunub və ilk dəfə ona verilib. Əkrəm Əylisli “belə bir şey başqa respublikalarda yox idi. Rusiyada, Baltikyanı ölkələrdə indi də yoxdur. O vaxt müsəlman ölkələri bizdən götürdülər və Xalq şairi, Xalq yazıçısı adını verdilər. Xalq artisti başqadır, bu Rusiyada da var. Amma Xalq yazıçısı o vaxtlar SSRİ-də ancaq müsəlman respublikalarında olub. İndiki vaxtda mənə elə gəlir ki, SSRİ-dən qalan bu adları davam etdirməyin mənası yoxdur. Heç olmasa bundan sonra bu adı ləğv etsinlər”, – deyib.
Sonda Ə. Əylisli bildirib: “Anar, məncə, Yazıçılar Birliyinin özündə daha ciddi dəyişikliklər eləsə, yaxşı olar”.
Sevinc İltifatqızı