Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirildi. İclası açan sədr Azay Quliyev gündəlikdə Şuranın 2012-ci il III rüb fəaliyyətinin yekunları haqqında hesabatın və 2013-cü ildə QHT-lərə maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı məsələlərin olduğunu bildirdi.
Şuranın III rübdəki fəaliyyətinin yekunları haqqında məruzə ilə Katibliyin icraçı direktoru Fərasət Qurbanov çıxış etdi. Şura üzvləri öz qeyd və təkliflərini bildirməklə hesabatın qəbul edilməsinə səs verdilər.
Növbəti ildə QHT-lərə maliyyə yardımı müsabiqəsinin mövzularını təqdim edən sədr A.Quliyev ictimai həyatda QHT fəaliyyətinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artan dinamikasını vurğulayaraq, Şura tərəfindən maliyyələşdirilən layihələrin əhəmiyyətini və onların əhatə etdiyi mövzuların ictimai aktuallığını qeyd etdi. Növbəti 2013-cü il üçün də maliyyə yardımı müsabiqəsinin mövzuları ilə bağlı Şura sədri cəmiyyət üçün vacib ictimai, sosial-mədəni məsələlərin gündəmdə olduğunu diqqətə çəkdi.
Şura üzvlərinin bir sıra əlavə dəyişikliklərindən sonra mövzular əsasən bəyənildi və bu ilin dekabr ayında 2013-cü il üçün maliyyə yardımı müsabiqəsinin elan edilməsi qərara alındı.
Cari məsələlər sırasında Şura və QHT həyatına aid bir sıra məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edildi.

Modern.az