Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva, Parisin “Salle Pleyel” sarayında Heydər Əliyev Fondunun təşəbbüsü və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Azərbaycan-Fransa diplomatik əlaqələrinin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib.
Modern.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Mehriban Əliyeva bildirib ki, iyirmi il ərzində uğurlu siyasi və iqtisadi islahatlar aparılması nəticəsində bu gün müstəqil Azərbaycanda çoxpartiyalı demokratik cəmiyyət mövcuddur və ümumi daxili məhsulun 83 faizini bazar iqtisadiyyatı təşkil edir.
Azərbaycan-Fransa əlaqələrnin inkişaf etdiyini vurğulayan M.Əliyeva bildirib ki, Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində öz səylərini göstərir.
“Dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın hərbi təcavüzünə məruz qalmışdır. Ölkəmizin ərazisinin 20 faizi işğal altındadır, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında tezliklə həllinin tərəfdarıdır. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin həlli Azərbaycan-Fransa gündəliyində mühüm yer tutur"-deyə o, qeyd edib..
Azərbaycanın birinci xanımı bildirib ki, iki ölkə iqtisadi sahədə əməkdaşlıq edir və bu sahədə çox böyük qarşılıqlı maraq vardır.
"Ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artmaqdadır və bu gün dörd milyard avroya yaxınlaşır. Fransa Azərbaycanın ikinci ticarət tərəfdaşıdır və ölkəmizdə bu gün 30-a yaxın fransız şirkəti fəaliyyət göstərir. Neft və qaz, kosmik sənaye, nəqliyyat, digər sahələrdə fransız şirkətləri bizimlə əməkdaşlıq edir. Çox xoşdur ki, Fransanın biznes strukturları Azərbaycana sərmayə qoyur və bir çox iri layihələrdə tərəfdaş kimi iştirak edir. Əminəm ki, bu il başlanan layihələr gələcəkdə ölkələrimizə ikitərəfli fayda gətirəcəkdir.
Əziz dostlar, mən son illər humanitar sahədəki çox səmərəli və geniş əlaqələrdən xüsusi danışmaq istərdim. Son illər Fransanın universitetlərində Azərbaycan dili və tarixi fakültələri açılır, yüzlərlə Azərbaycan tələbəsi Fransanın ali məktəblərində təhsil alır. Ötən il paytaxtımızda - Bakıda yeni fransız məktəbinin tikintisi başlanıb və yaxın gələcəkdə bu, regionun ən böyük fransız məktəbi olacaqdır. Parisdə mütəmadi şəkildə Azərbaycanın mədəniyyətini təbliğ edən konsertlər, görüşlər, sərgilər keçirilir. Bu il Bakıda "Fransa inciləri" adlı sərgi açılmışdır, Luvr və Orse muzeylərini, Pompidu Mərkəzini, Versal Sarayını, Fransa Dövlət Kitabxanasını və digər mədəniyyət ocaqlarını bəzəyən 400-dən çox eksponat ölkəmizdə təbliğ olundu və bu sərgi çox böyük maraqla qarşılandı. Azərbaycan dövləti Luvr muzeyinin İslam incəsənəti departamentinin yaradılmasında iştirak etmişdir. Heydər Əliyev Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi, digər tarixi abidələrin bərpasında iştirak edir.
Bu günlər Fond tərəfindən hazırlanmış yeni bir layihəyə start verilib. Bu layihə çərçivəsində Fransanın müxtəlif bölgələrində - on şəhərində Azərbaycanın mədəniyyətini tanıdan Azərbaycan günləri keçiriləcəkdir. Bu layihə çox böyük uğurla Reyms və Şampan şəhərlərində başlayıb"- Mehriban Əliyeva deyib.
Onun sözlərinə görə, son il ərzində Azərbaycanın və Fransanın bir neçə şəhəri arasında qardaşlaşma haqqında saziş imzalanıb.
"Mən ümidvaram ki, bu gözəl təşəbbüs gələcəkdə davam edəcəkdir. Nəhayət, bu ilin sentyabr ayında Parisdə Azərbaycanın ilk mədəniyyət mərkəzinin binası təntənəli şəkildə açılıb. Təsadüfi deyildir ki, belə bir mərkəz ilk dəfə məhz Parisdə açılıb. Çünki Paris təkcə Fransanın yox, demək olar, bütün dünyanın mədəniyyət paytaxtıdır.
Bir sözlə, bu 20 il ərzində Fransa-Azərbaycan münasibətləri uğurla qurulub və mən ümidvaram ki, gələcək illərdə də qarşılıqlı hörmət və dostluq əsasında inkişaf edəcəkdir”.
Tədbirdə Senatda Fransa-Qafqaz Dostluq Qrupunun sədri Ambruaz Düpon çıxış edib. O, deyib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan Minsk qrupunun həmsədri kimi xüsusi rol oynayır və ümid edir ki, bu həll regiona daimi sülh gətirəcək.
Ambruaz Düpon onu da qeyd edib ki, Fransa ilə Azərbaycan arasında ticari münasibətlər inkişaf edir, neft, neft emalı və qaz sahələrində əməkdaşlıq daha çox nəzərə çarpır. Kənd təsərrüfatı və xidmət sahələrində əlaqələrin genişlənməsinin vacibliyinə toxunan Ambruaz Düpon fransız şirkətləri üçün Azərbaycanda yaradılan münbit şəraitin razılıq doğurduğunu vurğulayıb və Fransa-Azərbaycan parlamentlərarası əlaqələrdən danışıb:
"1993-cü ildə Senatda yaradılmış Fransa-Qafqaz Qrupu yeni Qafqaz respublikalarının Fransada tanınması və ikitərəfli münasibətlərin inkişafı işinə əvvəlcədən sadiq olub. Keçmişi xatırlayarkən, istərdim Fransa-Qafqaz Qrupunun sabiq rəhbəri və Prezident Heydər Əliyevin vaxtında Azərbaycanın böyük dostu olmuş, bu ölkənin Fransada tanıdılması üçün yorulmaz fəaliyyət göstərmiş mərhum senator Jan Buayenin fəaliyyətini qeyd edim. Mədəniyyət carçısı olmuş bu şəxs Kot-Sen-Andredə sədrlik etdiyi Berlioz Festivalına tez-tez Azərbaycan musiqiçilərini dəvət edərdi. Bu gün 2001-ci ildən sədrlik etdiyim dostluq qrupuna Senatda müxtəlif siyasi dairələri təmsil edən otuza yaxın senator daxildir. Qrupun əsas məqsədi iki ölkənin deputatlarını mütəmadi olaraq bir araya gətirmək və beləliklə, yüksək səviyyədə məsul siyasətçilər arasında birbaşa dialoq yaratmaqdır. Öz məqsədlərindən irəli gələrək, Bakıda olarkən Senatın qrupu hər zaman Azərbaycan Prezidenti, parlamentin sədri, Baş nazir və hökumət üzvləri ilə görüşlər keçirib. Bu səfərlər, həmçinin birinci xanımın sədrlik etdiyi və münasibətlərimizə xüsusi önəm verən Azərbaycan-Fransa Dostluq Qrupundakı həmkarlarımızla fikir mübadiləsi aparmaq imkanını da yaradır və Sizin, hörmətli birinci xanım, ölkəmizdə mesenatlığa verdiyiniz əhəmiyyəti hamımız bilirik".
Bakıya son səfəri zamanı paytaxtımızda gedən inkişaf proseslərindən məmnun olduğunu deyən Ambruaz Düpon ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı məsələsinə də toxunaraq deyib:
"Fəaliyyətə başladığım vaxtdan etibarən biz, həmçinin Azərbaycanda fransız məktəbinin açılmasını dəstəkləmişik. Çox şadam ki, xanım Əliyeva prezidenti olduğu Fond vasitəsilə gənclərə xidmət edən bu təhsil layihəsini konkretləşdirməyə imkan yaratdı. Hörmətli birinci xanım, verdiyiniz güclü dəstəyi alqışlayıram. Bu yaxınlarda Senat mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi haqqında Fransa-Azərbaycan sazişini təsdiqləməlidir. Məsələ ilə bağlı başlanacaq müzakirələr mədəni əməkdaşlıq timsalında Fransa ilə Azərbaycan arasında münasibətlərin miqyasını nümayiş etdirəcəkdir. Mədəniyyət haqqında danışarkən, fürsətdən istifadə edərək, bu ilin yazında keçirilmiş və Azərbaycanın müasir incəsənətini işıqlandıran gözəl "Bakıya uçuş" sərgisini və Prezident Əliyev və Prezident Ollandın iştirakı ilə bu yaxınlarda Luvr Muzeyində açılmış İslam incəsənəti departamentinin yaradılmasında Azərbaycanın yardımını xatırlatmaq istəyirəm. Qısaca təsvir etdiyim bu işlərdən görürük ki, Fransa ilə Azərbaycan arasında əlaqələr sıxdır. Yaşadığımız qlobal böhran şəraitində Azərbaycan həm Fransanın, həm Avropanın dəyərli tərəfdaşı olaraq qalır.
Fransa tərəfindən Senat təbii olaraq, qeyd etdiyim kimi, öz dostluğunu nümayiş etdirir. Fransanın sabiq prezidentləri Jak Şirak, sonra isə Nikola Sarkozi öz səlahiyyətləri səviyyəsində bu münasibətlərin genişləndirilməsinə böyük töhfə veriblər. Bu gün bu işlərə Prezident Fransua Olland qoşulur. O, sentyabr ayında Prezident Əliyevlə görüşdü. Görüş onların Fransa ilə Azərbaycan arasında mövcud olan münasibətlərə sadiqliyini və iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlığı daha da inkişaf etdirmək iradəsini nümayiş etdirdi.
Əziz dostlar, hörmətli birinci xanım, iyirmi ildən sonra birgə görəcəyimiz işlər hələ də çoxdur. Fransa və Senat Azərbaycan ilə tam dostluq şəraitində əməkdaşlıq etməyə hər zaman hazırdır".
Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri və Fransanın Kolonn orkestri əməkdar artist Fəxrəddin Kərimovun dirijorluğu ilə Azərbaycan və Fransa bəstəkarlarının əsərlərini ifa ediblər.