Onu da düşünürəm ki , bunları yaşlı yazıçıçılardan yox, yaşlı yazıçıları bunlardan qorumaq lazımdı.
Dostumun toyu idi… Bu toy haqqında yazmaq fikrim olmadığını əhvalı-şərəfinizə ərz eləyib toyun içində və çölündə baş verən hadisələri deməsəm, demək olar ki, obyektiv deyiləm, bundansa gedib qələmimi sındırmaq, türklər demiş, daha bir iyi iş olardı. Toya bir mübarək deyib keçirəm mətləbə. Həmişə gənclərə sayğı ilə yanaşmışam, əlimi kürəklərinə vurub, yazılarına müəyyən münasibət bildirib uğurlu yol arzulamışam. Bilən bilib, bilməyən də heç bilməsin. Bu dediyim qalsın burda, gəncliyin bəzi üzdəniraq nümayəndələrinə “dəstək” kimi bildiyim bir məsəli çəkməsəm, heç şübhəsiz ki, anlaşıla bilməyəcəyəm.
Deyir bir molla çay aşağı iş yoldaşları ilə gedirmiş. Görür ki, çayda dəri kimi yumru bir şey axır, yazıq elə bilir ki, motaldi, tap eləməyib özünü atır çaya. Motal bildiyi şeylə xeyli dartışır. Bunu görən yoldaşları mollaya deyirlər ki, burax gəl də.. Molla deyir ki, mən buraxıram ee, o, buraxmır. Sən demə bu motal kimi görünən şey suiti imiş.
Gələk toyun içinə. Hər şey gözəl. Vaqif Səmədoğlunun oynamağı min dəfə gözəl. Flora Kərimovonın oxumağı ondan da gözəl. Başqa tanınmış bir ziyalının, yazıçı, professorun bu qədər səmimi olmağını bilmirdim, ona görə də kənardan dayanıb onu seyr edirdim, açığını deyim ki, bu sadəliyə deyəsən heyran qalırdım. Nə isə, məqsədim professor- yazıçı deyil, onun işığında bəzi gənclərimizə güzgü tutmaqdır. Dörd nəfər yazar az qala yazıçının boynundan asılıblar, elə həm həyatda, həm toyda. Bir əlində siqar tutan, bir əli ilə yazıçının boynunu qucaqlayan bu gənçlərin məramı, məqsədi nə idi, toydan xeyli keçməsinə baxmayaraq, hələ də mənə aydın deyil.. Hətta dəqiq bilirəm ki, o gənçlərin ikisi oxuduğu universitetdə imtahan kəsirlərini verə bilməyiblər. O gənçlər heç bir mühazirəyə girmir, özlərini hər yerdə dahi şair kimi aparır, bir sözlə avara-gorun biridilər.. İndi bir-iki cızmaqarası var deyə yazıçının boynuna qollarını salıb o biri əlləri ilə siqaretlərini havaya püləyirlər. Belə görsənirdi ki, onlar yox, məhz yazıçı onlarla şəkil çəkdirməyə maraqlıdır. Dörd nəfər gənc yazar yazıçının böyür-başında əldən-ayaqdan gedir, ona yaltaqlanır, aralanan kimi ətrafdakılara pıçıldayırlar ki, yaxşı yazıçı deyil. Budurmu bizim zəmanənin gənçliyi, sırtıq, həyasız bir sifətlə yazıçının qılığına girib, üzdə tərifləyib, ağayana şəkldə yazıçı ilə şəkil çəkdirib, sonra isə boynunu dondərib deyəsən ki, nə olsun şəkil çəkdiririk, ədəbiyyata kı dəxli yoxdur. Hələ gənc xanım yazarlar… bax budur, yazıçını hər tərəfdən dövrələyiblər, amma fikirlərində başqa bir avaz: nə olsun, yaxşı yazıçı ki deyil. Bu cur gənçlər həmişə qışqırırlar: - ay bizi yaşlı yazıçılar məhv elədi, bizə qayğı göstərmirlər, biz öldük, biz batdıq –deyə səsləri hər yanı başına götürür. Səməd Vurğunun “Çil toyuğun yumurtası” şeiri yadıma düşür. Molla və suiti məsəli də bir yandan. Və düşünürəm ki, bu qayğı yanıqları hər dona girə bilirlər, bu balacalar bu “simani” harada qazanıblar, harda belə yetişiblər? Onu da düşünürəm ki , bunları yaşlı yazıçıçılardan yox, yaşlı yazıçıları bunlardan qorumaq lazımdı. Bunlar daha təhlükəlidir. Çünki, onlar bu cür sırtıq böyüyürlər və hələ ömürləri qabaqdadır və bu zaman kənardan dayanıb təəccüblə onlara baxan istedadlı yaşıdlarının faciəsi məni daha ciddi narahat edir ki, axı onlar bu çətin yolda bu yırtıcı, vaşaq- onlarla gənc yazarı balaca imperiyası altına alan- bu dörd nəfərlə necə addımlayacaqlar? Onlara Azərbaycan ədəbiyyatını və mədəniyyətini necə etibar etmək olar?
Ürəyim sıxılır. Həyətə çıxıram. Sarayın qabağında ay ığığının və tənha ulduzun altında dayanan şair Vaqif Bayatlını görürəm. İçəri dəvət edirəm, gəlmir. “Qərib səs gözəldi qeybdən gələndə” -deyir. Bəlkə içəridəki o dörd nəfər sırtıq gənci tanıyır deyə Vaqif içəri girmədi. Vaqif eləcə toyun səsinə açıq havada qulaq asdı. Yadıma şairin vaxtı ilə yazdığı “Dörd hasar o üzə qonşu toyuna oynayan uşaq” şeiri düşdü. Və bəlkə də dörd hasar o üzdə dayanan Vaqif Bayatlı qədər bu toya sevinən yox idi…