Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı İctimai Palatanın bugünkü piketi ilə bağlı Modern.az-a yeni məlumatlar verib. Hazırda piketin davam etdiyini deyən A.Hacılı bildirib ki, hazırda saxlanılan şəxslərin siyahısı hazırlanır. 15-dən çox gəncin polis tərəfindən saxlanıldığını qeyd edən Müsavat rəsmisi onların Yasamal rayon Polis İdarəsinə aparıldığını vurğulayıb.
“İctimai Palatanın piketi güclü yağış yağmasına baxmayarq, Bakı şəhəri Yasamal rayonu Əzizbəyov heykəlinin əvvəllər qoyulduğu yerdə başlayıb. Piket iştirakçıları şüarlar səsləndirərək həmin əraziyə daxil olublar. Polis və mülki geyimlilər piket iştirakçılarını həbs etməyə başlayıblar. Həbs olunanlar arasında Müsavat Partiyası Xətai rayon təşkilatının sədri, Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacılı, Müsavat Partiyası Nəsimi rayon təşkilatının sədri Xeyrulla Balaxanlı, partiyanın üzvü Fərahim Abbasov və partiyanın Suraxanı rayon təşkilatının fəalı Elçin Abdullayev, Nizami rayon təşkilatının fəalı Əli bəy var. 15-dək piket iştirakçısının həbs olunması barədə məlumat daxil olub, siyahı dəqiqləşdirilir. Həbs olunanlar Yasamal rayon Polis İdarəsinə aparılıblar. Saxlanılanların telefonları alındığı üçün onlarla əlaqə saxlamaq mümkün deyil. Hazırda vəkil Nemət Kərimli Yasamal rayon Polis İdarəsindədir”, -deyə A.Hacılı məlumat verib.
Anar RÜSTƏMLİ