"Azərbaycan siyasətində qəribə tendensiya müşahidə olunur. Fazil Mustafa adlı deputat hamını söyür, təhqir edir. Ona cavab verənləri isə şərləyir. Cəmiyyətin sağlam kəsimi bu cür neqativ hallara qarşı birgə mübarizə aparmalıdır".
Bu sözləri Modern.az saytına açıqlamasında Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı professor Xanım Xəlilova Milli Məclisin deputatı Fazil Mustafanın onun ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib. X.Xəlilova bildirib ki, o, heç vaxt Fazil Mustafanı təhqir etməyib:
"Mən onun dünyagörüşünə, səsləndirdiyi fikirlərə etiraz etmişəm. Fazil Qəzənfəroğlu vaxtilə belə yazırdı: "Hər ikisinin (Atatürkün və Elçibəyin) prinsiplərində sanki demokratiya bilərəkdən unudulub". O, mərhum prezident Heydər Əliyevə də həqarət etmişdi. Fazildən soruşmaq istəyirəm: əgər belə ağıllısansa, niyə prezident seçilmirsən? Niyə siyasi proseslərə təsir etmək imkanı olan ciddi partiya yarada bilmirsən? Elçibəyin demokratiyaya arxa çevirdiyini söyləmək üçün insan gərək vicdanını tamamilə itirmiş olsun".
Xanım Xəlilova deputatın onu Türkiyənin xüsusi xidmət orqanlarına işləməkdə günahlandırmasına isə sərt reaksiya verib. O, deyib ki, nə Türkiyənin, nə də Azərbaycanın xüsusi xidmət orqanları ilə əlaqəsi olub: "Fazilin qohumlarından fərqli olaraq, mən başda "Soros" olmaqla ayrı-ayrı fondlardan da pul almamışam. Əgər bu adamın əlində fakt varsa, ortaya qoysun".
Xanım Xəlilova Mustafanın onun savadını şübhə altına almasını isə gülüşlə qarşılayıb: "Mən namizədlik işimi 1974-cü ildə Moskvada müdafiə etmişəm. 1979-cu ildə baş elmi işçi olmuşam. 1983-cü ildə mənə vaxtından əvvəl professor titulu vermək istəyirdilər. Amma qarşımda şərt qoymuşdular ki, gərək Kommunist Partiyasına üzv olum. Amma mən karyera xatirinə öz əqidəmə xilaf çıxmadım. Halbuki, Fazilə belə bir təklif etsəydilər, sevindiyindən gecə səhərə kimi gözünə yuxu getməzdi. Biz onun deputat seçilmək üçün necə cilddən-cildə düşdüyünü öz gözlərimizlə gördük".
X.Xəlilova deyib ki, bu gün Türkiyədə aktiv şəkildə həm elmi, həm də ictimai fəaliyyətlə məşğuldur: "Türkiyədə ilk dəfə mən Ankara Universitetində elmin biokimya sahəsinə aid dərslər keçmişəm. Bu elm sahəsi əvvəllər Türkiyədə yox idi. Mən professor adını Türkiyədə almışam. Dəfələrlə ABŞ, İtaliya, Fransanın nüfuzlu elmi jurnallarında məqalələrim dərc olunub. İndiyə kimi Türkiyədə 3 elmi kitabım işıq üzü görüb. Dağlıq Qarabağ və erməni problemi ilə bağlı Türkiyənin bir çox şəhərlərində təşkil olunmuş konfranslarda çıxış etmişəm. Almaniya, Fransa, Belçika, Hollandiya, İngiltərə, Avstriya kimi ölkələrdə keçirilən nüfuzlu tədbirlərə qatılmışam. Bir neçə gün öncə "Türk Dünyasının Örnək Türk Qadını" mükafatına layiq görülmüşəm. Fazil Mustafa bu faktla qürur duymalıdır. Sonda ona məsləhət görürəm ki, özünü deputat kimi aparsın. Cibində mandat gəzdirən bir adamın bu cür cılız hisslərlə yaşaması ona başucalığı gətirmir".
S.VAQİFOĞLU