"Yerli istehsalı təşviq etmək üçün 2 milyard 500 milyon lari sərmayə qoymağı planlaşdırırıq".
Modern.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri baş nazir İrakli Qaribaşvili Oni rayonunda hakim partiyanın mer namizədinin təqdimatı zamanı deyib.
Baş nazir bildirib ki, yerli istehsalı inkişaf etdirmək dövlətin əsas prioritetlərindən biridir: "Yerli istehsalın inkişafı ilə bağlı bir neçə yeni təşəbbüsümüz var. Bildiyiniz kimi, Sovet İttifaqının dağılmasından sonra fabrikləri, müəssisələri öz əlimizlə dağıtdıq və bu da fəlakətə gətirib çıxardı.
Hamımız birlikdə əziyyət çəkdik - yüz minlərlə insan, işsiz qaldı və əhalimiz həqiqətən yoxsul vəziyyətə düşdü. Önümüzdəki üç il ərzində təxminən 1000 müəssisə maliyyələşəcək və ən azı 100 min yeni iş yeri açılacaq", - deyə İ. Qaribaşvili bildirib.
Hökumət başçısının sözlərinə görə, bu proqramlar və layihələr bütün bölgələrdə və bütün bələdiyyələrdə baş tutacaq.