İran 2018-2021-ci illərdə 1,8 milyard barel nefti sata bilməyib, bu da dövlət büdcəsini 100 milyard dollar həcmində gəlirdən məhrum edib.
Modern.az xəbər verir ki, bu barədə İranın yeni neft naziri Cavad Oruci bildirib.
Onun sözlərinə görə, sanksiyalar neftin ixracına və satılmasına böyük maneədir.
Qeyd olunub ki, iqtisadi sanksiyalar yalnız neftin ixracına deyil, eyni zamanda İrana neft hasilatı üçün yeni texnologiyaların gətirilməsinə və neft sahəsinə sərmayə yatırılmasına da imkan vermir. Bir sıra Qərb dövlətləri İranın neft və qaz sahəsinə külli miqdarda sərmayə yatırmaq istəyirlər. Hətta Almaniya və digər Avropa dövlətləri ilə İran arasında müqavilələr də imzalanıb. Lakin sanksiyalar bu müqavilələrin reallaşmasına imkan vermir.