“Aslan İsmayılov öz aləmində guya “Azadlıq” qəzetində mənə etiraz etməyə çalışıb. Amma təəssüf ki, o bunu adi etika və siyasi mədəniyyət çərçivəsində etməyi belə bacarmayıb. Hətta o, “dərin savad” nümayiş etdirərək, özünün ədəb-ərkanına və mədəniyyətinə uyğun bir şəkildə mənim haqqımda bəzi yersiz ifadələr işlədib və demək olar ki, əməlli-başlı həddini aşıb”.
Modern.az bildirir ki, bu sözləri millət vəkili Azay Quliyev vəkil Aslan İsmayılovun onu “kürü daşımaq”da ittiham etməsinə cavab olaraq deyib.
“Doğrusu, mən bu adamın niyə belə özündən çıxmasının və isterik bir şəkildə avropalı deputatların lobbiçilik fəaliyyətini xüsusi canfəşanlıqla müdafiə etdiyinin səbəbini anlayıram. Burası məlum olduğu üçün mən burada onun hansı maraqlar güddüyünün üzərində geniş dayanmaq istəmirəm”.
“Görünür Aslan İsmayılov ona-buna nə isə daşıyır”
“Mən heç onun savadla bağlı məişət səviyyəsində olan cılız atmacalarına və yaxud kürü ilə bağlı şəxsimə qarşı söylədikləri böhtanlara və dedi-qodulara, ümumiyyətlə bu kimi digər mənasız ittihamlara münasibət bildirmək fikrində də deyiləm. Görünür, o özü ora-bura nəsə daşımaqla məşğul olduğundan indi hamını öz arşını ilə ölçməyə başlayıb. Ona görə də onun səviyyəsinə enib eyni üslubda və dildə ona cavab verməyi aldığım tərbiyəyə və etik qaydalara zidd hesab edir və ümumiyyətlə, bu tərz yanaşmanı özümə rəva bilmirəm. Eyni zamanda əminəm ki, onun bu yazısı ilə tanış olan bütün obyektiv oxucular bilirlər ki, Aslan İsmayılovun dedikləri qeyri-ciddi və qərəzli olduğu qədər də gülməlidir. A.İsmayılov kimi özündən müştəbeh adamdan başqa nə gözləmək olar? Sivil və mədəni şəkildə nəyəsə münasibət bildirməyi bacarmayan, elementar polemika mədəniyyəti olmayan adam, əlbəttə, ya təhqirə keçməli, ya böhtan atmalı, ya da söyüş və qarğış etməlidir. Ona görə də düşünürəm ki, bu kimi adamların qeybət səviyyəli yazılarına əhəmiyyət verməmək daha yaxşıdır”.
“Yazıqlar olsun...”
”Sonda yalnız onu əlavə etmək istəyirəm ki, özünü “hüquqşünas” adlandıran bu şəxs anlamalıdır ki, mülkiyyət hüququnun qorunması haqda Avropa Konvensiyasının bir nömrəli əlavəsini imzalamaq o demək deyil ki, AŞPA deputatı Azərbaycan Prezidentinə məhkəmələrin necə qərar verməsi haqqında göstəriş verə və yaxud da ona təzyiq edə bilər. Yazıqlar olsun ki, Aslan İsmayılov kimiləri hələ də Azərbaycan dövləti və onun Prezidenti ilə bu cür ultimativ dildə danışmağın yolverilməz və mənasız olduğunu ya dərk edə bilmir, ya da dərk etmək istəmirlər.
AŞPA-nın 11 deputatının yoxlanılmamış qərəzli mövqedən çıxış edərək Zülfüqarlı qardaşlarının mülkiyyətinə qəsd edilməsi ilə bağlı iddialarla Azərbaycan Prezidentinə müraciət etməsi haqqında sualına cavab verərkən söyləmişdim ki, hazırda həmin iş Ali Məhkəmənin baxışındadır və bu cür bəyanatlar məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər. Yəni məsələyə aid məhkəmənin qərarı olmadan onu siyasiləşdirməyin və hər hansı bir başqa müstəviyə yönəltməyin doğru olmadığını bildirmiş, bu cür lobbiçiliyin arxasında hansı maraqların dayandığını sual etmişdim”.
Modern.az