Vasif Talıbov ABŞ səfirini erməni qəbirstanlığına buraxmayıb
ABŞ səfiri Riçard Morninqstar Naxçıvana səfəri zamanı erməni qəbirstanlığını ziyarət edə bilmədiyi üçün hiddətlənib. Modern.az bildirir ki, ABŞ səfirlyi tərəfindən yayılmış R.Morninqstarın bəyanatında onun səfərin nəticələri ilə bağlı fikirləri yer alıb.
“Səfir kimi Bakıya gəldikdən bəri bu “gözəl ölkə, onun xalqı və tarixi ilə daha da yaxından tanış olmağa çalışmışam”-deyən səfir qeyd edib ki, bu səfərlər ona ölkənin müxtəlif mədəni irsi ilə yaxından tanış olmaq imkanı verib.
“Mən bu yaxınlarda Naxçıvana səfər etmişəm. Bundan əlavə, mən Lənkaran, Şəki, Oğuz, Quba və Lahıca da səfərlər etmişəm. Düşünürəm ki, bu, Azərbaycanda yaşamaq və işləməyə gələn hər bir kəs üçün vacibdir”-deyə səfir bildirib.
Riçard Morninqstar daha sonra qeyd edib: “Bu region mürəkkəb tarixə malikdir. Dağlıq Qarabağ münaqişəsi minlərlə insanın ölümünə səbəb olmuş və regionun tarixi, dini və mədəni əhəmiyyət kəsb edən yerlərin quruluşunu ciddi bir şəkildə dəyişdirib. Mən Naxçıvanda olanda belə yerlərdən biri, etibarlı mənbərlərdən alınan məlumatlara əsasən Culfadakı təhqir olunmuş və dağıdılmış qədim erməni qəbiristanlığı barədə yerli rəsmilərlə ətraflı müzakirələr apardım. Təəssüf edirəm ki, rəsmilər təhlükəsizlik səbəblərini əsas gətirərək mənim həmin yerə gedib oranı şəxsən görməyimi mümkünsüz etdilər.
Regionun irsinin qorunması gələcək sülh üçün mühümdür. Dağlıq Qarabağ münaqişəsi nəticəsində regionda artıq həddindən artıq çox sayda abidələr zədələnmiş və dağıdılıb.
Bunula belə, hər iki ölkənin digər ölkəyə məxsus irsin qorunması üçün göstərdiyi səylər məni ruhlandırır. Məsələn, mən bu gün Bakıdakı müqəddəs Maarifçi Qrigori adına erməni kilsəsinə səfər etdim. Mənə kilsənin tarixi və kilsə kitabxanasındakı kitab və erməni dilində olan əlyazmaların qorunması barədə məlumat verdilər. Bundan başqa keçmiş erməni kəndi Kərkənc və Azərbaycan kəndi Düz Yanşaq arasında qarşılıqlı torpaq mübadiləsi və hər iki kəndin sakinlərinin bir-birilərinin qəbiristanlıqlarının qayğısına qalmaq barədə razılaşdıqları barədə məlumatlar var”.
R. Morninqstar bildirib ki, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın hər iki ölkədəki tarixi arxivlərin qorunması üçün göstərdikləri səyləri dəstəkləyir.
“Gələn həftə Ermənistan və Azərbaycan arxiv mütəxəssislərinin müştərək proqram çərçivəsində maddi mədəniyyət nümunələrinin qorunması barədə biliklərini arıtrmaq üçün Birləşmiş Ştatlarda olacaqlar. Bu cür səylər təqdirəlayiqdir və biz bu cür səyləri gələcəkdə də dəstəkləmək üçün əlimizdən gələni edəcəyik”.
Modern.az