Modern.az

YAP-çı deputat: “15 manat cərimə verib qəhrəmana çevrilirlər” - AÇIQLAMA

YAP-çı deputat: “15 manat cərimə verib qəhrəmana çevrilirlər” - AÇIQLAMA

3 Noyabr 2012, 13:32

“Ağır cərimələr onları qanuna hörmət etməyə məcbur edəcək”

Ötən gün Milli Məclisdə “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə, yığıncaqların, mitinqlərin, piketlərin keçirilməsinin təşkilininin qanunvericiliklə müəyyən edilmiş qaydasının pozulmasına görə cərimələr artırıldı. Təbii ki, bu da cəmiyyətdə birmənalı qarşılanmadı. Müxalif qüvvələr cərimələrin artırılmasını demokratiyanın boğulması, sərbəst toplaşmaq hüququnun məhdudlaşdırılması kimi dəyərləndirdilər. 

Modern.az-ın xəbərinə görə, qarşı tərəf isə bu dərişikliyin baş verə biləcək anarxiyanın qarşısının alınmasına hesablandığını deyir.

“Bu əlifbadır”

Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, cərimələrin artırılmasında söhbət hüquqların məhdudlaşdırılmasından yox anarxiyanın aradan qaldırılmasından gedir. Millət vəkili bildirdi ki, bu gün heç bir qanunu nəzərə almadan istədiyi yerdə, istədiyi cür aksiya keçirən insanlar cəzalanmalıdır. Onun fikrincə, bu hüquqi dövlətin əlifbasıdır:
“Bu gün istədiyi yerdə kütləvi aksiya keçirən qrup sabah universitetin mühazirə zalına kobud şəkildə müdaxilə edərək, aksiya keçirmək istəyəcək. Və ya metrostansiyasında, dəmiryol vağzalında insanların qatara mindiyi yerdə toplaşaraq aksiya təşkil edəcək. Burada yalnız icazə verilmiş yerlərdə aksiya keçirməkdən söhbət gedir”.

“15 manat cərimə verib qəhrəmana çevrilirlər”

Deputatın fikrincə, cərimələrin məbləğinin azlığı aksiya iştirakçılarını istədikləri kimi hərəkət etməyə səbəb yaradır. “Onlar 10-15 manat cərimə olunur ya da bir neçə sutka həbs cəzasından sonra özlərini qəhrəman kimi aparır və “bu hələ başlanğıcdır” deyirlər. Cərimələrin azlığı onlara təsir etmir. Dövlətə, hüquqa, siyasətə meydan oxuyurdular. Bu anarxiyanın, özbaşınalığın qarşısı alınmalıdır”.

“Dövlət özünü qorumağı bacarmalıdır”

Millət vəkili onu da bildirdi ki, qanunsuz aksiyaların keçirilməsi Azərbaycanda demokratiyaya, hüquqi dövlətə, insanların hüquq və azadlıqlarına kobud şəkildə müdaxilədir.

“İstənilən dövlət özünü qorumağı bacarmalıdır. Göründüyü kimi, bu qanunsuz aksiyaların sərhəddi yoxdur. Bir qrup insanlar qanuna hörmətsizlik etməyi özlərinin həyat tərzinə çeviriblər. Hesab edirəm ki, bu ağır cərimələr onları qanuna hörmət etməyə məcbur edəcək. Əks halda, biz anarxiyanın hökm sürdüyü bir ölkəyə çevrilə bilərik. Buna isə heç bir halda yol vermək olmaz”-deyə Aydın Mirzəzadə bildirib.     

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi