Noyabrın 3-də Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirilib. Modern.az musavat.com-a istinadən bildirir ki, sessiyaya sədrlik edən Pənah Hüseyn məlumat verib ki, gündəlik layihəsinə ölkədə ictimai-siyasi vəziyyətin müzakirəsi, İP-in vəzifələri və cari məsələlər daxil edilib.
Ərəstun Oruclu və Yadigar Sadıqlı hələ İP-dən getməyib
Daha sonra dönəm sədri Ədalət Yusubov son iki ayda İP-in gördüyü işlər barədə məlumat verib.
Daha sonra tədbir iştirakçıları Ədalət Yusubova iki aylıq dönəm sədrliyi zamanı səsləndirdiyi hesabatla bağlı suallar ünvanlayıblar. Onlar İP üzvləri Ərəstun Oruclu və Yadigar Sadıqlının istefa verməsi ilə bağlı müzakirələrin aparılması təkliflini irəli sürüblər. Sessiya sədri P.Hüseyn bildirib ki, həmin şəxlər İP-dən getmələri ilə bağlı rəsmi ərizə ilə hələ də müraciət etməyiblər.
İP KŞ üzvü Vidadi Mirkamal çıxışı zamanı İP-in ötən aydakı fəaliyyətinə toxunub:
“İP-in əsas zərbə qüvvəsi olan komissiyaların işi daha möhkəm şəkildə təşkil olunmalıdır. Dövrün tələblərinə uyğun olaraq biz 2013-cü ilə necə gedəcəyimizi düşünməliyik. İP-in iclaslarında mütəmadı olaraq 120 nəfər iştirak edir. Yerdə qalan üzvlərimizin çoxu adını yazdırıb iclasda iştirak etmədən gedirlər. Onlar hər sessiyada iştirak etməli, siyasi proselərə öz münasibətlərini bildirməlidirlər. Koordinasiya Şurasının indiki fəaliyyəti ilə bağlı olduqca narazıyam. Onun səmərəliliyi və faydalılığı çox aşağıdır. KŞ üzvləri var ki, aylarla iclasa gəlmirlər. Onlar fəaliyyətləri ilə bağlı açıq hesabat verməlidirlər”.
V.Mirkamal bildirib ki, İP-in növbəti hədəfi prezident seçkiləridir və buna vahid seçki platforması və qərargah yaratmaqla nail olacaq: “Vacib deyil ki, İP-in mütləq bir namizədi olmalıdır. İP-in prezident seçkilərinə 4-5 namizədi də ola bilər”.
Arif Hacılı: “Vicdan məhbuslarının müdafiəsi ilə bağlı işlər səngiyib”
Çıxış edən İP üzvü Mustafa Hacıbəyli Azərbaycanda demokratik dəyişikliklərə nail olmaq məqsədi ilə siyasi mübarizənin gücləndirilməsi haqqında İctimai Palataya layihə təqdim edib.
Müsavat İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, həbsdə olan vicdan məhbusları ilə bağlı, onların müdafiəsinin təşkil olunması ilə bağlı işlər səngiyib. O, bu istiqamətdə təkliflər irəli sürüb.
Müsavat tək də seçkiyə gedə bilər
Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və Əhəd Məmmədli çıxışı zamanı bildiriblər ki, İP fəaliyyət istiqamətini yenidən gözdən keçirməlidir: “Ölkənin ana müxalifət partiyası sayılan Müsavat Partiyası bütün gücünü İP-in fəaliyyətinə sərf edib. Biz Müsavat olaraq da 2013-ə gedə bilərik və buna gücümüz də var. Biz güclərimizin bərabər şəkildə paylanmasının tərəfdarıyıq”.
Sessiya çıxışlarla bağlı yaranan sualların müzakirə olunması ilə bağlı davam etdirilib.