“Bu müraciət sırf ideoloji, məqsədyönlü xarakter daşıyır, Ermənistanın işğalçılıq və soyqırımı siyasətini ört-basdır etməyə yönəlib. Qubada konkret vəziyyət göz qabağındadır”.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, tarixçi Musa Qasımlı erməni aliminin Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinə etdiyi müraciəti şərh edərkən deyib:
“İnsanlar kütləvi şəkildə öldürülüb, kütləvi məzarlıq var, öldürülənlər azərbaycanlılardır və bu azərbaycanlılar 1918-ci ilin mart-aprel hadisələri zamanı erməni silahlı dəstələri tərəfindən qətlə yetirilib”.
M.Qasımlı bildirib ki, erməni aliminin belə məktubu yazmağa mənəvi haqqı çatmır: “Əgər o, həqiqətən alimdirsə, onun belə bir məktubu yazmağa mənəvi haqqı çatmır. Çünki o, belə bir məktubu yazmazdan əvvəl Ermənistan dəstələri tərəfindən Anadolu, İrəvan quberniyası, Borçalı, indiki Azərbaycan Respublikası ərazisində 1914-1920-ci illərdə törədilən qırğınları gözünün önünə gətirməli idi. Əgər o, bu tarixi bilsə idi - şübhəsiz o bilir, amma etiraf etmir- belə bir məktub yazmazdı. Bu, bir daha göstərir ki, bir çox erməni alimləri elm və mənəviyyatdan çox uzaqdırlar”-deyə M.Qasımlı bildirib.