Bu il müqəddəs Həcc ziyarətinə yollanmış zəvvarlarımızdan daha biri dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumat görə, 1947-ci il təvəllüdlü Bakı sakini Sadıxov Təbib Süleyman oğlu vəfat edib. Məkkədən Mədinəyə gedən avtobusda halı pisləşən zəvvarımıza ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım vasitəsilə yaxındakı xəstəxanaya çatdırılıb. Orada zəvvarımıza bir saat ərzində lazımı köməklik göstərilib. Lakin bütün ciddi-cəhdlərə baxmayaraq zəvvar urək çatışmamazlığından dünyasını dəyişib.
T.Sadıxov ziyarət səfərinə yaxin qohumu-qudası ilə birlikdə yollanmışdı. Azərbaycan Həcc missiyası bütün zəruri sənədləşmə işlərini qaydaya salıb. Mərhum üçün sabah səhər sübh namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, ruhaniləri və hacılarin iştirakı ilə cənazə namazı qılınacaq. Həcc əməllərini tam şəkildə yerinə yetirmiş Təbib Sadıxov Bəqi qəbirstanlığında dəfn olunacaq.
QMİ sədrinin birinci müavini Hacı Salman Musayevin verdiyi məlumata görə, digər azərbaycanlı zəvvarların saglıq durumları normaldır, hec bir ciddi problem yoxdur. Onlar, inşallah, noyabrın 5-dən etibarən Vətənə yola düşməyə başlayacaqlar.
Modern.az