“Bakıda Dənizkənarı Bulvar boyu salınacaq yeraltı tunelin reallaşması işçi layihənin işlənməsindən asılı olacaq”.
Bunu Modern.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyib. O bildirib ki, tunelin tikintisi hələ ki, layihə təklifidir. Qocayevin sözlərinə görə, bulvar boyu salınacaq yeraltı tunelin uzunluğu 4,2 kilometr təşkil edəcək:
C. Qocayev bildirib ki, “Dalğa” Plazanın arxasından Dənizkənarı Bulvara paralel olaraq qoşa yol çəkilməsi nəzərdə tutulub. Tunelin bir hissəsi isə Yusif Səfərov və Nobel prospektinə gedib çıxır. Komitə sözçüsünün dediyinə görə, tunel tikilərsə, Neftçilər prospektinin nəqliyyat yükünü dəfələrlə azalacaq.
“Həmin tunelin tikintisi ilə bağlı layihə nəzərdə tutulub. Layihəyə əsasən, bulvarın buxtaya tərəf hissəsi də 250 metrə qədər genişlənəcək. Bu, Bakı Layihə İnstitutunun hazırladığı işçi layihənin işlənməsindən asılı olacaq”, – deyə C.Qocayev bildirib. Qeyd edək ki, layihəyə əsasən, altızolaqlı tunelin 0,9 kilometrlik hissəsi yerin üstü ilə uzanacaq. Tunelin 2,3 kilometrlik hissəsi qutu, qalan hissəsi isə arka formasında olacaq. Tunelin çəkilişi zamanı 0,7 kvadrat kilometrlik sahədə sahilbərkitmə, altı milyon kubmetr həcmində ərazinin doldurulması, 3,7 kilometr uzunluğunda sahilbərkitmə işləri görüləcək. Neftçilər prospektinə iki çıxışı olacaq tunel Bayıl qəsəbəsindən Zığ qəsəbəsinədək uzanacaq.
Gültəkin Ələsgər