Modern.az

Politoloq: “İndiyə qədər Amerika Bakıya bu sözü demir...” - MÖVQE

Politoloq: “İndiyə qədər Amerika Bakıya bu sözü demir...” - MÖVQE

5 Noyabr 2012, 13:08

“ABŞ səfirinin və Dövlət Departamentinin Xankəndi hava limanı ilə bağlı verdikləri bəyanatlardakı fikirlər mücərrəd fikirlərdir. Bir yandan deyirlər ki, bu məsələ  beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə həll edilməlidir. Beynəlxalq hüququn prinsipləri isə Beynəlxalq Aviasiya təşkilatının “Çikaqo prinsipləri”ndə öz əksini tapıb”.
Bu sözləri Modern.az-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xankəndi hava limanının istismara verilməsinin “diplomatik yollarla” həlli barədə açıqlamasını şərh edərkən deyib.

“Əsas “Çikaqo prinsipləri”dir”

““Çikaqo prinsipləri”ndə ən mühüm məqam ondan ibarətdir ki, müharibə aparılan, yaxud da ki, ərazisinin bir hissəsində müharibə gedən və bu müharibə nəticəsində işğal edilən ölkənin özünün icazəsi olmadan əraziləri üzərindən uçuşlar həyata keçirilə bilməz. Yaxud da ki, ölkənin ərazisində təyyarə meydanları, beynəlxalq təyyarə uçuşlarını həyata keçirən qurğular quraşdırıla bilməz”-deyə politoloq vurğulayıb.

Politoloq bildirib ki,  ABŞ-ın beynəlxalq prinsiplər deməsi yaxşı səslənir və  problemin həlli üçün yaxşı baza ola bilər: “Onu da deyim ki, tərəflər bir-biri ilə diplomatik danışıqlarla bu məsələnin həllinə nail olmalıdır. Yenə də ikibaşlı söz, ikili standartlar bir yandan da beynəlxalq hüquq prinsipləri irəli sürülürsə, bu beynəlxalq prinsiplərə də uyğun danışıqlar prosesi  aparılmalıdır. Bu, ikili standartın əyani nümunəsi kimi qəbul oluna bilər”.

“İndiyə qədər Amerika demir ki...”

Politoloqun sözlərinə görə,  beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər Dağlıq Qarabağla bağlı məsələlərdə bəyanatlar verərkən, açıq və birmənalı mövqe sərgiləməkdən çəkinirlər:

“Həmişə manevr üçün bir əl yeri qoyurlar. Sonradan dediklərini ya təkzib etsinlər, ya da ki,  dediklərinin ətrafında  yeni versiyalar qura bilsinlər. Bu nöqteyi-nəzərdən, indiyə qədər nə  Amerikanın, nə də ki, başqa ölkələrin bəyanatında açıq  surətdə  deylmir ki, bu ərazilər ermənilər tərəfindən  işğal edilib. Demirlər ki, “Azərbaycan ərazisinin 20%-i işğal edilib. Bu ərazilərdə nə təyyarə meydanı tikilə bilər,  nə də ki  işğal edilmiş ərazilərin hava məkanından istifadə edilə bilər”. Bunlar açıq bir fikir söyləmirlər. Ermənilər də götürüb onu başqa bir formada ya tərcümə edir, ya da başqa  cür  şərh etməyə başlayırlar“.              

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Xankəndi  hava limanının   istismara verilməsi ilə bağlı məsələyə münasibət bildirərkən  deyib ki,  bu  məsələdə ABŞ-ın mövqeyi ondan ibarətdir ki, hər iki tərəf bu məsələni beynəlxalq hüquq normaları çərçivəsində, diplomatik yolla  həll etməlidir.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi