Modern.az

BAXCP-dən İvanişviliyə qarşı sərt bəyanat

BAXCP-dən İvanişviliyə qarşı sərt bəyanat

5 Noyabr 2012, 14:48

 Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.

BAXCP İdarə Heyətinin müzakirəsinə çıxarılan ilk məsələ Gürcüstanın yeni hökumətinə daxil olan şəxslərin, o cümlədən baş nazir Bidzina İvanaşvilinin Azərbaycana münasibətdə yürütdüyü avantürist siyasətlə bağlı olub. İclasda qeyd olunub ki, Gürcüstanın iki subyektini "müstəqil dövlət" kimi tanıyan Rusiyaya və Gürcüstana qarşı mütəmadi olaraq ərazi iddiaları ilə çıxış edən Ermənistana münasibətdə aşırı səmimiyyət nümayiş etdirən İvanaşvili hökumətinin ən çətin anlarda Gürcüstan xalqına və dövlətinə maddi-mənəvi dəstək verən Azərbaycan Respublikasının maraqlarının əleyhinə səsləndirdiyi bəyanatlar nanəciblik kimi dəyərləndirilə bilər.

Məsələ ilə bağlı İdarə Heyətində aparılan fikir mübadiləsi nəticəsində rəsmi açıqlama qəbul olunub. Açıqlamada deyilir: "Gürcüstanda keçirilən son parlament seçkiləri öncəsi aparılan təbliğat kampaniyası çərçivəsində azərbaycanlıların yaşadıqları ərazilərə səfər edən, azərbaycanlıların və Azərbaycan Respublikasının ünvanına dostluq və qardaşlıq bəyanatları səsləndirən Bidzina İvanaşvilinin hakimiyyətə gəldikdən sonra tamamilə əks mövqedən çıxış etməsi təəssüf doğurur. Gürcüstanın yeni hökumətinin davranışları sübuta yetirir ki, prezident Mixail Saakaşvili seçki öncəsi "Bidzina İvanaşvili gürcü xalqının deyil, ona dəstək verən bəzi bölgə dövlətlərinin maraqlarını ifadə edir" fikirlərini dilə gətirəndə tamamilə haqlı olub".

BAXCP İdarə Heyətinin qənaətinə görə, İvananaşvilinin avantürist açıqlamaları onun ciddi dövlət adamı olmadığının sübutu kimi dəyərləndirilməli və Gürcüstanın yeni hökumətinin Azərbaycana münasibətdə sərgilədiyi mövqe cavabsız qoyulmamalıdır: "BAXCP hesab edir ki Azərbaycan hökumətinin baş verənlərə münasibətdə susqun mövqeyi İvanaşvilini və onun rəhbərlik etdiyi hökuməti ölkəmizin maraqlarına zidd bəyanatlarla çıxış etməyə ruhlandırır.

BAXCP Azərbaycan hökumətini Gürcüstanın ən çətin vəziyyətlərində gürcü xalqına və dövlətinə edilən yardımları, verilən iqtisadi-siyasi dəstəyi xatırlatmağa çağırır.

BAXCP hesab edir ki, Azərbaycanın Gürcüstan üçün nə qədər böyük strateji əhəmiyyət daşıdığı bu ölkənin yeni rəhbərliyinə başa salınmalı, əgər baş düşməzlərdə, o zaman ölkəzin mövqeyinin onların başa düşəcəyi dildə ifadə olunması üçün müvafiq tədbirlər həyata keçirilməlidir".

 

Modern.az
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi