Bakı Şəhər İcra Hakimiyyəti yaradıcı təşkilatlara yaradıcılıq evi üçün niyə torpaq sahəsi ayırmayıb?
2007-ci ildə Prezident İlham Əliyev Rəssamlar və Bəstəkarlar ittifaqlarının, həmçinin Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, hər üç təşkilatın üzvləri üçün yaradıcılıq evinin tikilməsi ilə bağlı təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.
Yazıçılar Birliyinin sədri Anar Rzayev bu yaxınlarda bildirib ki, artıq Dəvəçidə yaradıcılıq evinin tikintisi başlanıb. Modern.az digər iki təşkilatda məsələnin nə yerdə olduğunu öyrənib.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin sözlərinə görə, bu məsələ artıq bağlanıb. F.Əlizadə “Yaradıcılıq evi tək bizə deyilməmişdi. Yazıçılar və Rəssamlar İttifaqına dair də tapşırıq verilmişdi. Biz istədik ki, yaradıcılıq evləri Abşeron rayonu ərazisində tikilsin. Amma Abşeronda yer tapılmadı”.
Sədrin sözlərinə görə, Bəstəkarlar İttifaqı üçün Hövsanda yer ayırıblar. “Həmin ərazi dənizdən çox uzaq idi. Daha sonra bizə Şamaxı yaxınlığında, daha uzaq bir ərazidə yer verdilər. Sözün düzü, biz heç həmin yerə gedib baxmadıq da. Sonra da o məsələnin həlli təxirə salındı. İndi məsələ Əmlak məsələləri üzrə Dövlət Komitəsinə tapşırılıb. Hazırda məsələnin nə yerdə olduğunu bilmirik” – deyə F.Əlizadə qeyd edib.
Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov bildirib ki, təmsil etdiyi təşkilatda yaradıcılıq evlərinin inşası ilə bağlı heç bir məlumat yoxdur.
Sevinc İltifatqızı