İctimai Palatanın qarşıdan gələn 2013-cü il prezident seçkilərində vahid namizədlə təmsil olunub-olunmaması yenidən gündəmə gəlib. Sonuncu sessiyasında müzakirəyə çıxarılan məsələyə AXCP sədri Əli Kərimli daxil olmaqla İctimai Palatanın digər nümayəndələri də münasibət açıqlayıblar. Hətta, İP-in Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal çıxışında 2013-cü il seçkilərində təşkilatın 4-5 namizədlə çıxış edə biləcəyini bildirib. Müxalifət düşərgəsində kimin prezident seçkilərinə namizəd olacağı haqda yekun qərar verilməsə də, AXCP İctimai Palatanın vahid namizədlə mübarizəyə qoşulmağının vacib olduğunu bəyan edib. Partiyanın sədr müavini Fuad Qəhrəmanlı məsələ ilə bağlı Modern.az saytına açıqlamasında bildirib ki, müxalifətin aparıcı qüvvələrinin birləşdiyi İctimai Palata seçkdə vahid namizədlə iştirak etmək niyyətindədir.