«İnsan hüquqlarının, o cümlədən, qadınların hüquqlarının möhkəmləndirilməsi, onların ictimai həyatda fəallığının artırılması istiqamətində atılan addımların daha effektiv nəticələr verməsi üçün kütəlvi informasiya vasitələrinin imkanlarından yararlanmaq çox vacibdir». Bu fikirləri bu gün İstanbulda Avropa Şurası ilə Türkiyə Böyük Millət Məclisinin birgə təşkilatçılığı ilə Qadınların siyasi və sosial-iqtisadi həyatda təmsilçiliyinin artırılmasına həsr olunmuş konfransda Azərbaycan parlamentinin deputatı, AŞPA-nın irqçilik və ksenofobiya üzrə Alt Komitəsinin sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, xüsusilə, ictimai rəyin formalaşmasında medianın rolu olduqca əhəmiyyətlidir. Avropa Şurası Parlament Assambleyası da qadınların hüquq və imkanlarının genişləndirilməsində KİV-in əhəmiyyətli rolunu qəbul edir: «Böyük Britaniyada qadın jurnalistlər təşkilatının apardığı araşdırmaların nəticələri göstərdi ki, manşet səhifələrdə yayımlanan məqalələrin 78 faizi kişilər tərəfindən yazılıb. Bununla yanaşı qıraqda verilən və adı çəkilənlərin də 84 faizi məhz kişilərdir. Bu onu sübut edir ki, heç bir ölkə gender stereotiplərindən və KİV-də qadınların ayrı-seçkiliyindən azad olmur».
KİV-in demokratiyanın əsaslarından biri olduğunu söyləyən millət vəkili Sahibə Qafarovanın sözlərinə görə, KİV insan ləyaqətinə hörmət, ayrı-seçkiliyə qarşı mübarizədə və gender bərabərliyinin təminatına görə xüsusi məsuliyət daşıyır: «KİV gender ayrıseçkiliyinə qarşı mübarizədə və insanların düşüncəsinə təsir etmək üçün geniş imkanlara malikdir. Ona görə də, medianın gücündən doğru şəkildə və effektiv istifadə etmək lazımdır. Avropa KİV-i bu mənada müəyyən proqressə nail olublar. Lakin bununla belə dəyişikliklər çox yavaş baş verir və araşdırmaların nəticələrindən də göründüyü kimi vəziyyət hələ idealdan çox geridədir. Hələ çox şeyi etmək lazımdır».
Bir sıra ölkələrdə qadınların hüquqlarının məhdudlaşdırıldığını və kobud şəkildə pozulduğunu söyləyən AŞPA Alt komitəsinin sədri dünya üzrə qadınların üzləşdiyi əsas problemlənr haqqında da ətraflı məlumat verib.
Azərbaycanda həyata keçirilən gender siyasətinin uğurları barədə danışan Sahibə Qafarova vurğulayıb ki, ölkəmizdə qadınlara öz istedad və bacarıqlarını nümayiş etdirmək, idarəçilikdə və ictimai həyatada fəal iştirak etmək üçün hər cür şərait yaradılıb. O bu sahədə görülən praktik işlərlə bağlı ətraflı danışıb.
Qeyd edək ki, sözügedən konfrans noyabrın 4-də başlayıb. Gender məsələlərinə həsr olunmuş tədbirdə qadınların siyasi və sosial hüquqları, iqtisadiyyata və maliyyə işlərinə daha yaxından cəlb olunması yolları araşdırılır. Mədəniyyət və incəsənət sahələrində, eləcə də KİV-də qadınların mövqeyinin gücləndirilməsi zərurətindən danışılır. Bu günki paneldə AŞPA təmsilçisi kimi çıxış edən Sahibə Qafarova iclasın yekun nitqini də söyləyib.
Modern.az