Ötən gündən başlayaraq Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçirilir.
Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. Təlim sentyabrın 20-dək davam edəcək.
Üç qardaş ölkə yenidən bir arada, bu dəfə təlim poliqonunda
Təlimlərin əhəmiyyətini Modern.az-a şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, “Üç Qardaş - 2021” təlimləri tərəfdaş və qardaş ölkələr arasında dostluq, mehribançılıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək.
Onun sözlərinə görə, hər üç qardaş ölkənin xüsusi təyinatlı qüvvələri müxtəlif sahələr üzrə ciddi döyüş potensialına malikdir.
“Bu potensialın birləşdirilməsi və bir arada təcrübə mübadiləsi halına salınması tərəflərin maraqları çərçivəsindədir. Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin birgə təcrübə mübadiləsi aparması, sonunda yeni silahlı mübarizə metodlarının mənimsənilməsinə gətirib çıxara bilər. Bu təlimlərin digər əhəmiyyətli bir istiqaməti ondan ibarətdir ki, artıq Azərbaycan regional təlimlərə deyil, beynəlxalq təlimlərə ev sahibliyi edir. Bu təlimlər Türkiyə və Pakistanın Qarabağ kimi digər məsələlərdə də daim Azərbaycanın yanında olacağını nümayiş etdirir. Əgər Azərbaycana qarşı ərazi və ya digər iddialarda bulunan Ermənistan və tərəfdaşları daha əvvəl Qarabağda tək Azərbaycanın "Dəmir yumruğu" ilə rastlaşırdılarsa, onlar artıq regionda üç qardaşın universal "dəmir yumruğu" ilə qarşı-qarşıya qaldıqlarını qəbul etməlidirlər”.
Bu təlimlərin siyasi əhəmiyyəti ölçüyə gəlməzdir...
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Azərbaycan öz ərazisində dost, qardaş olan Türkiyə və Pakistan xüsusi təyinatlılarını qəbul edir. Onun fikrincə, təlimlərin keçiriləcəyi poliqonlar ən yüksək səviyyədə hazırlanıb.
“Verilən tapşırıqların yerinə yetirilməsi üçün yüksək səviyyədə həm nəzəri, həm də praktiki şərait yaradılıb. Bu gün həm pakistanlılar, həm də bizim türk qardaşlarımız yaradılan şəraiti yüksək qiymətləndirirlər. Qərargahlar arasında tapşırığın yerinə yetirilməsi, komandanların əlaqələrinin uzlaşdırılması, verilən tapşırığın yüksək keyfiyyətdə yerinə yetirilməsi üçün lazım olan hər bir şərait var”.
Ü.Cəfərov hərbi nöqteyi-nəzərdən bu təlimlərin əhəmiyyətinin çox böyük olduğunu vurğulayıb:
“Azərbaycan qardaş Türkiyə və Pakistandan xüsusi təyinatlıların hazırlığı üçün kifayət qədər yeni metodlar öyrənib. Eyni zamanda Azərbaycanın xüsusi təyinatlıları müxtəlif xarici ölkələrdə təhsil alıblar. Onların bilik və bacarıqlarından yararlanmaq üçün Türkiyə və Pakistandan olan xüsusi təyinatlılar kifayət qədər imkanlar əldə ediblər. Bu təlimlərin siyasi əhəmiyyəti ölçüyə gəlməzdir. Azərbaycana hər mənada dəstək olan ölkələr bu günlərdə bizimlə hərbi təlimlərdə bərabərdirlər. Təlimlər regiondakı bəzi “isti başları” soyutmaq üçün gözəl imkandır. “Üç Qardaş - 2021” təlimləri, bu birlik, planlaşdırma ən yüksək səviyyədə öz sözünü deyəcək. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın artan nüfuzuna bəzi dövlətlər qısqanclıqla yanaşırdılar. Bu təlimləri görən həmin qüvvələr bir qədər də özlərini yığışdıracaqlar”.
Hərbi ekspert əlavə edib ki, üçtərəfli təlimlərin qardaş Türkiyə və Pakistanda həm bu il, həm də gələn il davamı olacaq:
“Qarşıya yeni proqram və hədəflər qoyulacaq. Hər üç ölkənin nümayəndələri hədəfləri yüksək səviyyədə mənimsəyəcəklər və yaxşı təcrübə toplayacaqlar”.