Azərbaycanda fəxri ad sahiblərinin sayı getdikcə artmaqdadır. Amma hər dəfə fəxri adların verilməsindən sonra qalmaqallar, intriqalar, narazılıqlar yaşanır. Ümumiyyətlə, bu intiqalar fəxri adlar verilməyə başlanandan ta bu günədək davam edir.
Uzun illərdir mədəniyyət, incəsənət, ədəbiyyat adamları fəxri ad davası edirlər: kimi fəxri adlara layiq görülməməsini ədalətsizlik hesab edir, kimi də fəxri adların ləğvini istəyir...
“Fəxri ad qalmaqalı” xüsusilə müğənnilərin iştirakı ilə baş verir. Ad almayanlar ad alanları “bir qara qəpiklik sənəti olmayan kəslər” adlandırır. Qarşı tərəf də cavabsız qalmır, “onların sənəti olsaydı, ad verilərdi” ittihamını səsləndirir. Qarşılıqlı ittihamlar tədricən təhqirlərə keçir.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın da fəxri adlarının ləğv olunması tıklifilə çıxış etməsi xeyli müzakirələrə yol açdı.
Fəxri adlarla bağlı növbəti qalmaqal mütləq olacaq... Növbəti fəxri ad verilməsi zamanı şübhəsiz bunun şahidi olacağıq.
Maraqlıdır, hər zaman mübahisələrə yol açan fəxri adların verilməsinə nə vaxtdan başlanılıb, Azərbaycanda neçə fəxri ad var?
Modern.az saytının əməkdaşı bu suallara cavab tapmaq məqsədilə kiçik bir araşdırma aparıb.
Məlum olub ki, Azərbaycanda ilk fəxri adlar tariximizin sovet dövründə təsis olunub. 1928-78-ci illərdə Azərbaycanda "Azərbaycan SSR xalq artisti", "Azərbaycan SSR xalq yazıçısı", "Azərbaycan SSR əməkdar elm xadimi", "Azərbaycan SSR əməkdar müəllimi", "Azərbaycan SSR əməkdar səhiyyə işçisi" kimi fəxri adlar təsis edilib. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli fərmanı ilə 45 fəxri ad müəyyən edilib.
Azərbaycanda mədəniyyətin, ədəbiyyatın, elm və təhsilin, iqtisadiyyatın inkişafında böyük xidmətləri olan bir sıra şəxslər həmin illərdə müxtəlif fəxri adlara layiq görülüblər.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da - 1991-93-cü sovet dövrü fəxri adlarında dəyişiklik edilərək onların verilməsi davam etdirilib. Lakin o zaman müstəqil Azərbaycanda fəxri adlara dair yeni xüsusi hüquqi sənəd qəbul olunmadığından 1993-98-ci illərdə heç bir fəxri ad verilməyib. 22 may 1998-ci il tarixində isə o zaman ölkəyə rəhbərlik edən prezident Heydər Əliyev Azərbaycan Respublikasının fəxri adları haqqında yeni fərman imzalayıb.
Yeni hüquqi sənəd qüvvəyə mindikdən sonra Azərbaycanda fəxri adların verilməsi bərpa olunub.
Beləliklə, 1998-ci ildən ta bu günüdək mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, bədən tərbiyəsi və idman, jurnalistika, mühəndislik, habelə dövlət qulluğu, hüquq, kənd təsərrüfatı, mülki aviasiya sahələrində nailiyyətlər qazanmış şəxslərin əməyinin qiymətləndirilməsi məqsədi ilə müxtəlif fəxri adlar verilir. Rəsmi sənəddə göstərilir ki, fəxri adlar verilərkən müxtəlif təşkilatların, ayrı-ayrı vətəndaşların bu məsələ ilə əlaqədar çoxsaylı müraciətləri nəzərə alınır.
Modern.az bildirir ki, hazırda Azərbaycan Respublikasının aşağıdakı fəxri adlar verilir:
xalq yazıçısı;
xalq şairi;
xalq artisti;
xalq rəssamı;
əməkdar elm xadimi;
əməkdar incəsənət xadimi;
əməkdar artist;
əməkdar rəssam;
əməkdar mədəniyyət işçisi;
əməkdar müəllim;
əməkdar həkim;
əməkdar memar;
əməkdar dövlət qulluqçusu;
əməkdar bədən tərbiyəsi və idman xadimi;
əməkdar jurnalist;
əməkdar mühəndis;
əməkdar hüquqşünas;
əməkdar kənd təsərrüfatı işçisi;
əməkdar pilot;
əməkdar tibb işçisi.
Qeyd edək ki, fəxri ad almış şəxslərə buna görə, hər ay dövlətdən müxtəlif məbləğdə pul da verilir. Məsələn, hazırda “Xalq” fəxri adına (“Xalq artisti”) görə 50 manat, “Əməkdar” fəxri adına (“Əməkdar artist”) görə isə 30 manat maddi vəsait verilir....
Ə.Qafarlı