Modern.az

Namiq Abbasov vida çıxışı etdi: "İndi sabiq səfirəm, sizdən ayrılıram"

Namiq Abbasov vida çıxışı etdi: "İndi sabiq səfirəm, sizdən ayrılıram"

10 Noyabr 2012, 10:22

 ...Dünən Özbəkistanın Daşkənd şəhərindəki səfirliyimizdə də Azərbaycan dövlətinin möhtəşəm Bayraq günü möhtəşəm şəkildə qeyd olundu. Bir neçə illər bundan fərqli olaraq, artıq  Daşkənddəki azərbaycanlılar və qeyri millətlər Daşkənddə  Heydər Əliyev adına gözəl bir mədəniyyət Mərkəzinin olmasından xəbərdardılar. Çünki  8 ilə yaxındır ki, burada Azərbaycanın bütün bayramları, tədbirləri, xatirə günləri çox geniş miqyasda keçirilir. Bu bayramların keçirilməsi, mədəniyyət evində Azərbaycanın qədim və bugünkü  tarixi muzeylərinin yaradılması-bunların hamısı  Azərbaycan dövlətini  Özbəkistanda layiqincə  təmsil edən  noyabr ayının 1-nə kimi Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri işləmiş  Namiq Abbasovun uğurudur.
dünən də Dövlət Bayrağı günümüzdə həmişəki kimi Mədəniyyət evində xüsusi bir coşqu var idi. Bayram tədbirinə gələn azərbaycanlılar və qeyri-millətin nümayəndələri  özləri ilə uşaqlarını və nəvələrini gətirmişdilər. Gətirmişdilər ki, o bayrağın hansı mübarizələr  nəticəsində ucalarda dalğalanmasından xəbərləri  olsun. 

... Azərbaycan himni səsləndi. Bu dəfə balaca uşaqlar da əllərini ürəyinin üstünə qoymuşdular. Çox qürurverici bir an idi. Sonra üçrəngli  bayrağımızın  ucalarda dalğalanması uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra isə Azərbaycanın  noyabr ayının 1-nə kimi Özbəkistanda fövqəladə  və səlahiyyətli  səfiri olan Namiq Abbasov çıxış etdi. Əvvəlcə dedi ki, bu gözəl Bayraq günündə  Azərbaycan diasporu ilə görüşüb vidalaşmaq üçün gözəl bir fürsət oldu. Sonra isə  üçrəngli bayrağımızdan danışdı:
“...Bayramınızı təbrik eləmək üçün gəlmişəm. Bayramınız mübarək olsun, əzizlərim! Arzu edirəm ki, bundan da xoş, Azərbaycanın  başının daha da uca anları ilə əlamətdar olan bayramların iştirakçısı olasınız. Bayraq bütün dövlət formalarında ən sədaqətli, dövlətçilik yolunda hər an  həyatından keçməyə hazır olan  cəsur insanlara etibar olunurdu. Bayraqdar o adam idi ki,  son nəfəsinə  qədər o bayrağı  əlində və mümkün qədər uca tutmağa gücü catsın. Vaxtilə bizim Azərbaycanın ərazisi 400 min  kvadrat kilometrdən ibarət olub. 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yarananda  onda bizim 114 min kvadrat kilometr ərazimiz var idi. Demokratik quruluş süquta yetəndən sonra  86 min kvadrat kilometrdə dayandı. .. Dövlət bayrağı bayramı bütün Azərbaycan xalqının ən böyük bayramlarından biridir. Hər bir azərbaycanlının arzusu o möhtəşən dövlət bayrağını  Xankəndidə, Şuşada dalğalanmasını görməkdir.  Mənim bu gün burda  bu qədər əziz adamım var, bir daha onların qarşısında ürəyimin sözünü demək istəyirəm ki, ömrünün son gününə qədər Azərbaycan bayrağının o torpaqlarda dalğalanması üçün, canımdan belə keçməyə hazıram. Mən indi sabiq səfirəm, ən xoş arzularla bu xalqdan, bizim 40 mindən artıq Azərbaycanlıya çörək və sığınaq vermış bu ölkədən və sizdən  böyük minnətdarlıqla ayrılıram”. 

Özbəkistandakı həmyerlilərimiz bir möhtəşəm bayramı da beləcə qeyd etdilər. 8 il bundan öncə ilə fərq ondan ibarət  idi ki, Azərbaycan dövlətinin diplomatı Namiq Abbasov bü ölkədə yaşayan həmyerlilərimizə tarixi Vətənimiz, onun hüdudları, onun varlığı və gücü haqqında  çox şey öyrətdi. İndi burdakı azərbaycanlı həmyerlilərimizin böyük əksəriyyətinin evində Azərbaycan bayrağı var. Azərbaycan Respublikasında  baş verən  hadisələri, informasiya axınını izləmək üçün çanaq antennaları var. Bir qayda olaraq o, Azərbaycan dövlətinin müxtəlif  bayram və tədbirlərində  fərqlənən Azərbaycan diasporunun üzvlərinə  çanaq antennaları hədiyyə etdi, bu da qəriblikdə yaşayan həmyerlilərimizin, Vətəndən  xəbərdar olmaları üçün təbliğatın bir növü idi. Onun yaddaşlarda qalan çox xidmətləri oldu.... Bunu isə Özbəkistanda yaşayan, Ana Vətənimiz Azərbaycanı sevən hər bir azərbaycanlı bilir və xatırlayacaqlar.


Modern.az üçün
Aida Eyvazlı,
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin
Özbəkistan Respublikası və Mərkəzi Asiya  üzrə
müxbir postunun rəhbəri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi