Modern.az

Azərbaycan kitablarına sığınacaq vermiş Bakıdakı erməni kilsəsi - REPORTAJ

Azərbaycan kitablarına sığınacaq vermiş Bakıdakı erməni kilsəsi - REPORTAJ

10 Noyabr 2012, 12:49

Paytaxtın göbəyində yerləşən “Tanrı evi”nin yeni sakini Prezident Kitabxanasıdır


Hər dəfə mən, Sumqayıtda yaşayan Modern.az əməkdaşı Fəvvarələr meydanından keçərkən hasarlar arasından ucalan bir binanın qəribə quruluşu diqqətimi cəlb edirdi. Amma onun nə binası olduğunu öyrənə bilmirdim. Çünki üzərində binanı ifadə edən heç bir yazı, yaxud təqdimat yox idi. Qəribə burasıdır ki, binanın həyəti hasarlandığından onun içini də görmək mümkün deyil. Amma bu yaxınlarda apardığım kiçik araşdırma binanın mübhəmliyinə son qoydu.

Bir xəbərdə oxudum ki, ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstar bir müddət öncə Bakıdakı erməni qriqorian kilsəsinə baş çəkib. Azərbaycana təyinatını təzəcə almış fövqəladə və səlahiyyətli statuslu diplomatik elçi kilsə ilə bağlı təəssüratlarını da media ilə bölüşmüşdü. Məhz bu yazıdan Fəvvarələr meydanındakı binanın mənşəyini öyrəndim.

Kilsənin hazırkı statusu ilə bağlı bir sıra dövlət qurumlarına müraciət etdim. Əlaqədar rəsmi təşkilatlardan biri – Mədəniyyət və Turizm Nazirliyindən öyrəndim ki, erməni kilsəsi memarlıq abidəsi kimi qeydiyyatdan keçsə də, hazırda Prezident Administrasiyası Kitabxanasının bir hissəsi kimi istifadə olunur. Və nazirliyin balansında deyil.

Buna görə də bir zamanlar mənim üçün naməlum olan bu bina, yəni erməni kilsəsi haqqında məlumat toplamaq və insanların kilsəyə olan münasibətini öyrənmək məqsədilə dini tikilinin  yerləşdiyi ünvana yollandım. Və ilk növbədə, Prezident Kitabxanasına baş çəkdim.

Kitabxanada mənə dedilər ki, 2002-ci ildən arxiv fondunun saxlanılması üçün istifadə olunan keçmiş kilsədə 2011-ci ildə təmir işləri də aparılıb. Amma kitabxanada gəlişimin məramını, kilsənin daxilindən fotolar çəkmək istədiyimi dedikdə, fotoşəkillər üçün Prezident Administrasiyasından icazə almalı olduğumu öyrəndim. Əlbəttə, bu icazəni almaq üçün günlərlə gözləməli idim. Buna görə də niyyətimdən vaz keçib elə keçmiş kilsənin yaxınlığındakı skamyalardan birində oturdum.

Yanımdakı, əsasına söykənərək pərişan görkəmimi diqqətlə seyr edən yaşlı kişi olmasaydı, qüssəmi özümlə birgə Sumqayıta aparacaqdım. Amma sağ olsun, xeyirxah müsahibimi elə bil Allah yetirmişdi. Mənə kilsəylə bağlı azdan-çoxdan məlumat verdi. Deməyəsən, Bakıda çoxdan yaşayan sakinlərdənmiş..


“Keçmişdə şəhərin bu hissəsində yalnız ermənilər və yəhudilər yaşayardı. Bakının müsəlman camaatı isə hündür yerlərdə məskən salmışdı. Çünki İslam dinin şəriəti bunu tələb edirdi. Kafirin damından axan su müsəlmanın həyət-bacasına gərək keçməyəydi. Bu kilsə də elə o vaxtlarda inşa olunub. Böyür-başında da həmişə erməni evləri olub. Sovet dövründəsə onun böyür-başında kiçik sexlər vardı. Buralar pinəçi, xırdavatçı və s. sənət sahiblərinin çörəkpulu qazandığı yerlər idi. Bu kilsənin qapıları 1990-cı ilədək açıq idi. Yanvar qırğınından sonra qapıları bağlanıb”.

Köhnə kişilərdən olan Əjdər dayı kilsənin sonrakı taleyi barədə heç nə bilmirdi. Amma elə danışdıqları mənə kifayət edirdi. Elə ondan öyrəndim ki, 1990-dan bəri binanın içərisi, necə deyərlər, lüt qalıb.

Söhbətimizə qoşulmuş başqa bir şəxsdən öyrəndim ki, bir neçə il bundan öncə ermənilərin katolikosu II Qaregin və onu müşayiət edənlər kilsədə olublar və keçmiş ibadətgahda dualar oxuyublar. Onu da öyrəndim ki, hətta ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza da vaxtı ilə bu kilsədə olub. Onu da deyim ki, Bakıdakı kilsənin saxlanılmasından məmnun olan səfir yerli rəsmilərin və vətəndaşların Tanrı evlərinə göstərdiyi ehtiramı görməyə çox şad olduğunu Qəbələdə udin kilsəsində olarkən dilə gətirib.

Beləcə, vaxtı ilə erməni keşişlərinin böyük sevinclə kilsə zənglərini çaldığı bu binanın çöl tərəfdən şəkillərini çəkməklə kifayətləndim. Elə təzəcə kilsəni əks etdirən zənglərin çalındığı yeri çəkmişdim ki, binanın qarşısındakı parkda əyləşən Salman dayı yaxınlaşıb dedi ki, indi heç kim heç nə demir, amma ara təzə-təzə qarışan vaxtlarda camaat az qalırdı buranı buldozerin qabağına verib dağıtsın.
“Hamı deyirdi ki, onlar bizim evimizi-obamızı, hətta meşələrimizi yandırır, biz də onlar üçün kilsə qoruyuruq...”. 

Yanımıza yaxınlaşan Tamara adlı bir xanım, Salman dayıdan fərli olaraq, “istər sinaqoq, istər kilsə, istərsə də məscid olsun, Tanrı evidir, onu dağıtmaq nəyə lazım!?” deyərək etirazını bildirdi...

Müzakirəmiz çox da uzanmadı, şəkilləri çəkdim və binadan uzaqlaşdım. Düzdür, bir məsələ mənə indi də rahatlıq vermir. Azərbaycanın işğal olunmuş ərazilərində 800-dən çox məscid dağıdılıb. Dünya buna göz yumur. Bakıda isə erməni kilsəsini qoruyuruq, içində kitab saxlayaraq. Görən kim haqlı idi: Salman dayı, yoxsa Tamara xanım?..


Şahanə Rəhimli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI