Modern.az

Bahar Muradova müxalifətə yeni mesaj yolladı

Bahar Muradova müxalifətə yeni mesaj yolladı

10 Noyabr 2012, 13:33

“Hakim partiya tərəfindən  seçkilərarası fəaliyyət dövrü məhz növbəti seçkilərə hazırlıq dövrü kimi qəbul olunur. Yeni Azərbaycan Partiyasında hər zaman belədir, bizim bütün strukturlarımız, seçkili orqanlarda təmsil olunan nümayəndələrimiz, o cümlədən, partiyamızın rəhbəri, ölkə prezidenti fəaliyyətini o səviyyədə qurur ki, onun hər günü, hər anı, hər dəqiqəsi növbəti seçkilərə hazırlıq xarakteri daşıyır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin (MM) vitse-spikeri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Bahar Muradova qarşıdan gələn 2013-cü ilin prezident seçkilərinə hakim partiyanın hazırlığa qeyri-rəsmi olsa belə, start verib-verməməsi məsələsinə münasibətini bildirərkən deyb.

B.Muradovanın  dediyinə görə, bununla  yanaşı, bu məsələ  onların üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi anlamını özündə ehtiva edir.

YAP rəsmisi  qeyd edib ki, onlarda  hansısa qeyri-adi keçid, qeyri-adi hazırlığa start praktikası olmayıb. 

“Bunlar bizə çox rahat, biri digərini əvəz edən vəzifələr kimi qarşımızda dayanır.Yəni, xüsusi belə bir rejimə keçid yoxdur, çünki istənilən anda bizim bütün qurumlarımız bütün vəzifələri yerinə yetirməyə hazırdılar. Bu baxımdan,seçki bitəndən sonrakı dövr  bizdə  növbəti seçkiyə hazırlıq dövrü kimi qəbul olunur”.

B.Muradova eyni zamanda, son zamanlar 2013-cü il seçkiləri ilə bağlı hakim partiya və iqtidar daxilində fikir ayrılıqlarının, təlatümlərin olması haqda müxalifət düşərgəsində, həmin qüvvələrə yaxın olan müxalif mediada səsləndirilən iddialara toxunaraq, onların heç bir reallığı və həqiqəti əks etdirmədiyini də dilə gətirib.

Onun bildirdiyinə görə, hakim komanda 2013-cü il seçkilərinə də  monolit bir qüvvə şəklində gedir və gedəcək.

B. Muradova bu yerdə  həmçinin müxalifətə öz mesajını da yollamağı unutmayıb:

“Bizim də istədiyimiz odur ki, Azərbaycanda elə bir mühit mövcud olsun ki, hətta, 3-5 adam tərəfindən dəstəklənməyən adam belə özünü ehtimali şəkildə prezidentlikdə görsün. Yəni, bunun üçün hansısa bir məhdudiyyət hiss etməsin.Bu, çox yaxşıdır ki, hətta, cüzi imkanı olmayan adamlar belə özlərini bu vəzifəni yerinə yetirməyə hazır bilirlər və bu cəhddə bulunurlar.
Bulunsunlar, yeganə hakimiyyət xalqadır və xalq da bu məsələdə mövqeyini bildirəcək ki, kim Azərbaycanı irəliyə aparmaq imkanlarına malikdir, kimə etimad göstərmək lazımdır, kim bu vəzifələri yerinə yetirə bilər. Bunu isə xalq dəfələrlə bildirib, deyib və mən inanıram ki, qarşıdakı seçkidə də deyəcək, bildirəcək. Müxalifət düşərgəsinə isə öz fəaliyyətlərində, öz işlərində uğurlar arzulayıram...”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi