İnklüziv təhsil imkanları yaradılmadığından belə uşaqların əksəriyyəti təhsildən kənarda qalır
6 yaşlı Zabilə əslən Tərtər rayonundandır. Balaca Zabilə nənəsi ilə birlikdə yaşayır. Zabilənin gözləri çox zəif gördüyü üçün nənəsi özü onu məktəbə aparıb gətirir, amma işləri olduğu üçün məktəbdə gözləyə bilmir. Elə buna görə də ondan nigaran qalır, ayaqyoluna və ya həyətə çıxanda yıxılmağından narahatdır. Görmə problemi yaşasa da, bu onun məktəb həyatına, dərslərini oxumağa təsir etmir. Hələ birinci sinifdə təhsil alan Zabilə dərslərini çox yaxşı oxuyur, məktəbi və dərsləri çox sevdiyini deyir.
Baxmayaraq ki, məktəbə aparan yollar Zabilə üçün çox təhlükəli, məktəbdəki şərait isə onun oxuması üçün qeyri-müyəssərdir. Amma Azərbaycanda eyni problemlə qarşılaşan tək Zabilə deyil. Bu gün Zabilə kimi əlilliyi olan yüzlərlə uşaq var ki, həmyaşıdları ilə bərabər təhsil almaq istəsə də, təhsil ocaqlarının inklüziv olmaması onların istəyinin arzu olaraq qalmasına səbəb olur.
Baxmayaraq ki, əlilliyi olan uşaqlar üçün təhsil digərlərinə nisbətən daha vacibdir. Təhsil alıb hər hansı peşəyə yiyələnən şəxs sabah öz maddi təminatını qarşılayaraq başqalarından asılı hala düşməyəcək. Amma bəzi valideynlər hələ də çətinlik görən kimi onun həlli üçün təşəbbüs göstərmək, dövlətdən bütün uşaqlar üçün bərabər təhsil imkanı yaradılmasını tələb etmək əvəzinə əlilliyi olan uşaqlarını təhsildən ayırmağa üstünlük verir.
Zabilənin nənəsi Mayisə Babayeva da deyir ki, əilliyi olan uşaqların təhsillə bağlı problemi təkcə infrastrukturla bağlı deyil: “Əlilliyi olan uşaqların çoxunun valideynləri övladlarının təhsil almaq imkanları haqqında məlumatsızdırlar. Bir çox valideyn qanunları bilmədiyindən əlilliyi olan uşaqların digərləri ilə bərabər təhsil ala bilmək hüququnun olmasından xəbərsizdir. Onlar ilk çətinliklərdən sonra uşaqlarını təhsildən ayırır. Bu da çox ciddi problemdir. Evdə ilk tərbiyə və ilk dəstək valideyndən başlayır. Ata-ana övladının təhsilini dəstəkləmirsə, həmin uşağın təhsilə meylli olması və ya təhsil müəssisəsini daha keyfiyyətli təhsilə məcbur etməsi mümkün deyil. Bu da əlilliyi olan uşaqların qeyri-bərabər, qüsurlu və natamam təhsil almasına səbəb olur”.
Qanun ölkə ərazisində hər kəsə bərabər təhsil almaq imkanı tanıyır
Azərbaycan Konstitusiyası hər kəsin təhsil almasını nəzərdə tutur. Konstitusiyanın 42-ci maddəsinə görə, hər bir vətəndaşın təhsil almaq hüququ vardır: “Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Dövlət minimum təhsil standartlarını müəyyən edir”.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Həmin qanuna əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir və dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir.
Prezident İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamı ilə sağlamlıq imkanları məhdud şəxslərin fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, öz həmyaşıdları ilə eyni formada təhsilə cəlb edilməsi məqsədi ilə “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarətdir.
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının Qanununda xüsusi təhsil, evdə təhsil və inteqrasiyalı təhsilin təşkil olunması ilə bağlı normalar yer alıb.
2018-ci ildə qəbul edilmiş “Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi onların maddi rifah halını daha da yaxşılaşdıracaq.
Həmçinin, Azərbaycan hökuməti 2004-cü ildən etibarən pilot layihələrə başlasa da, bu layihələr hələ işlək halda deyil və ekspertlər deyir ki, əlilliyi olan uşaqların əksəriyyəti inklüziv təhsildən kənardadır.
14 638 nəfər əlilliyi olan uşaq təhsilə cəlb olunub
BMT Uşaq Fondunun təqdim etdiyi rəqəmlərə görə, Azərbaycanda qeydiyyatda olan təxminən 72 000 sağlamlıq imkanları məhdud uşaqdan 54 000 nəfəri ibtidai və orta məktəb yaşındadır. Yəni qeydiyyatda olan məktəb yaşlı əlil uşaqların yalnız vur-tut 20 faizi təhsil alır, 80 faiz təhsildən kənarda qalır.
Azərbaycanda ibtidai və orta ümumtəhsil məktəblərində təhsil alan əlil və ya belə deyək sağlamlıq imkanları məhdud uşaqların sayı kifayət qədər azdır. Rəsmi məlumatlara görə, yalnız 14 638 nəfər əlilliyi olan uşaq təhsilə cəlb olunub. Onlardan təqribən 9355 nəfəri evdə, 2558 nəfəri xüsusi məktəblərdə, 2725 nəfəri xüsusi internat məktəblərində təhsil alır.
Əlilliyi olan uşaqların ümumi təhsilə cəlb olunmaması onların gələcəkdə cəmiyyətə inteqrasiyasını, eləcə də maliyyə müstəqilliyi imkanlarını minimuma endirir. Yetkinlik dövrünə çatdıqda belə onlar valideynlərin, qəyyumların və digər ailə üzvlərinin dəstəyinə ehtiyac duyur.
Sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətdən təcrid olunmuş formada təhsil alır
BMT Uşaq Fondunun dəstəyi ilə Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən həyata keçirilən Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlara təhsil xidmətlərinin göstərilməsi haqqında tədqiqatda qeyd olunur ki, əlil uşaqların tələbatını ödəyən (günərzi, reabilitasiya, inkişaf) xüsusi xidmətlər çox azdır.
Digər keçmiş Sovet respublikalarında olduğu kimi, Azərbaycanda da sağlamlıq imkanları məhdud uşaqların təhsil tələbatı cəmiyyətdən təcrid olunmuş formada, yəni ya evdə, ya da xüsusi təhsil müəssisəsində həyata keçirilir.
Tədqiqatda deyilir ki, əlilliyi olan uşaqlara və onların ailələrinə aid olan məsələlər hələ də utanc mənbəyi hesab olunur, yanlış şəkildə qavranılır və məhdud dərəcədə dərk olunur.
Tədqiqatda, həmçinin, sağlamlıq imkanları məhdud uşaqlarla işləyə biləcək mütəxəssislərin az olduğu vurğulanır.
İllərdir inklüziv təhsillə məşğul olan Nərmin Əliyeva deyir ki, bu sahədəki problemlər gələcəkdə sağlamlıq imkanı məhdud şəxslərin işsiz qalması ilə nəticələnir, maddi durumlarına ciddi təsir edir: “Əlilliyi olan uşaqlar üçün təhsil ikiqat vacibdir. Çünki onlar hansısa peşəyə sahib olduqdan sonra maddi olaraq müstəqil olurlar. Bu da onların daha rahat və güvənli yaşaması üçün üstünlüklər yaradır”.
Mütəxəssisin qənaətinə görə, əlilliyi olan uşaqların təhsilini evdə almasının mənfi təsirlərindən biri də cəmiyyətdən ayrılmış şəkildə evlərə qapadılan uşaqlarda gələcəkdə özgüvənsiz, qüsurlu, əksik görmək kimi problemlərin yaranmasıdır.
Təhsilə Dəstək Mərkəzi İctimai Birliyinin sədri Gülsarə Həsənova deyir ki, əlilliyi olan uşaqların təhsilinə hazırlıq onun təhsilə cəlb edilməsindən xeyli əvvəl başlanılmalıdır: “Bununla bağlı uğurlu beynəlxalq təcrübədən yararlanmaq lazımdır. Əksər Avropa ölkələrində əlilliyi olan uşaqların böyüdüyü ailələrlə xüsusi iş aparılır. Həmin ailələrlə işləyəcək sosial işçilər ayrılır. Uşağın valideynləri ilə söhbət aparılaraq onlarla nə etmək, necə işləmək, övladlarının hansı bacarıqlarını inkişaf etdirmək lazım olduğu haqqında məlumat verilir. Uşağın tərbiyəsi ilə 3 yaşınadək evdə məşğul olurlar. Uşaq 3 yaşından sonra digər uşaqlarla bərabər məktəbəqədər təhsilə, 6 yaşından isə orta təhsilə cəlb olunur. Daha sonra həmin uşaqlar təhsil və bacarıqlarına uyğun olaraq ali məktəblərə və peşə bacarı öyrədən təhsil ocaqlarına yönləndirilir. Əmək bazarına hazır işçi kimi yetişdirilən həmin şəxslər sonradan özlərini cəmiyyətin bir hissəsi kimi realizə edə bilir. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bunları Azərbaycanda da bunu tətbiq etmək lazımdır. Sağlamlıq imkanı məhdud övladı olan hər bir ailə bilməlidir ki, uşaqların təhsilə cəlb edilməsi olduqca vacib məsələdir”.
“Gözlərim zəif görsə də, məktəbi çox sevirəm. Dərslərimi sevirəm, müəllimlərimi də sevirəm. Gözlərim yaxşı görmür. Görə bilmədiyim üçün bəzən sinif yoldaşlarım mənə gülür, ancaq mən buna baxmayaraq yenə də məktəbi, oxumağı sevirəm”,- Zabilə deyir.
Ətrafdan duyarlı davranış gözləyən Zabilə yaxşı görməsə də, təhsil almaq, bir peşə sahibi olmaq arzusundadır. Demək, biz də elə bir cəmiyyət qurmaq, elə bil təhsil imkanı yaratmalıyıq ki, Zabilə kimi minlərlə uşağı görərək onların təhsil yolundakı maneələri aradan qaldırmaq mümkün olsun.
Zülfiyyə Quliyeva
Yazı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin media kampaniyası çərçivəsində Education HUB üçün hazırlanıb.