Modern.az

Qeyri-adi qabiliyyətə malik Fezullah Nuri: “Oğlan istəyən 30 ailəni arzusuna çatdırmışam” - MARAQLI

Qeyri-adi qabiliyyətə malik Fezullah Nuri: “Oğlan istəyən 30 ailəni arzusuna çatdırmışam” - MARAQLI

12 Noyabr 2012, 12:26

“Mayalanma prosesindən əvvəl uşağın oğlan və ya qız olacağını müəyyənləşdirə bilirəm”

Fezullah Nuri 1972-ci ildə Cəbrayıl rayonunda anadan olub. Orta məktəbdə oxuyarkən dəqiq elmlərə xüsusi maraq göstərib. Müəllimləri onun yaxşı riyaziyyatçı, ya da fizik olacağını proqnozlaşdırsalar da, Fezullah ali təhsil arxasınca getməyib. Buna baxmayaraq, xüsusi istedadı sayəsində yaxşı elektrik ola bilib. Dost-tanışları onu həm də təcrübəli santexnik kimi tanıyırlar.

İki ay sonra açılan “sirr”

Fezullah Nurini digər insanlardan fərqləndirən ən mühüm cəhət doğulacaq uşağın cinsiyyətini riyazi hesablamalar yolu ilə müəyyənləşdirməsidir. Fezullah deyir ki, o, hətta mayalanma prosesindən əvvəl də uşağın oğlan və ya qız olacağını deyə bilir: “Uzun müddət Rusiyada yaşadığım üçün bir qədər gec ailə həyatı qurdum. Çox istəyirdim ki, birinci övladım oğlan olsun. Amma 2005-ci ildə qızım dünyaya gəldi. İndi mən qızımı həyatımın mənası hesab etsəm də, o vaxt çox pərt olmuşdum. Bir neçə gün üzüm gülmədi, qaşqabaqlı gəzdim. Hətta dost-tanış da məni sakitləşdirə bilmirdi. Qalın bir dəftəri qabğıma qoyub, gecə-gündüz bu sirri çözməyə çalışdım. Bizim nəsildə oğlan uşağı çoxdur. Onların doğum tarixlərini, valideynlərinin nə vaxt anadan olduqlarını dəqiqləşdirdim. Hətta babaların, nənələrin evlilik tarixlərini müəyyənləşdirib, böyük bir cədvəl hazırladım. Düz iki ay sonra nəslimizdə nə vaxt oğlan, nə vaxt qız uşağının doğulacağını dəqiqləşdirdim. Başa düşdüm ki, qızımın bir yaşı tamam olmamış ikinci övladım dünyaya gəlsə, mütləq oğlan olacaq. Allaha çox şükürlər olsun ki, bu ehtimalım təsdiqləndi. Qızımla oğlumun arasında cəmi 11 ay yaş fərqi var”.

Dostunu arzusuna çatdırıb

Müsahibimiz deyir ki, öz sirri barədə əvvəlcə heç kimə məlumat verməyib. Dost-tanış onun bu qeyri-adi bacarığından təsadüf nəticəsində xəbər tutub: “Mədəd adlı yaxın bir dostum var. Mədəd 3 qız atasıdır. Bir gün Mədədin qızlarından birinin ad gününə yığışmışdıq. Hamı ad günü olan uşağı təbrik edəndən sonra üzünü Mədədə tutub deyirdi ki, gün o gün olsun, sənin də bir oğlun dünyaya gəlsin. Həmin gecə bu sağlıq ən azı 10 dəfə təkrarlandı. Birdən sanki yuxudan ayıldım. Qalxıb dedim ki, bu iş mənlikdir. Qəm eləməyin, tezliklə Mədədin oğlu olacaq”.

Fezullah deyir ki, həmin gün heç kim onun sözünə əhəmiyyət verməyib. Hətta məclis iştirakçıları Fezullahın sözlərinin zarafat hesab edərək şaqqanaq çəkərək gülüblər də... Amma o, ertəsi gün yenidən Mədədlə görüşərək, dostunun və həyat yoldaşının, eləcə də cütlüyün 3 qızının doğum tarixlərini müəyyənləşdirib:
“Axşam evdə riyazi hesablama yolu ilə müəyyənləşdirdim ki, Mədədin həyat yoldaşı ancaq br il sonra oğlan uşağı dünyaya gətirə bilər. Mən qərar verərkən həm də qanın dəyişməsini və hormonların fəaliyyətini nəzərə alıram. Ertəsi gün fikrimi Mədədə bildirdim. Həmin vaxt Mədəd suda boğulan adamlar kimi saman çöpünə də əl atmağa hazır idi. Onu başa saldım ki, növbəti övladının oğlan olmasını istəyirsə, mayalanma prosesi 3 ay sonra baş tutmalıdır. Mədəd mənim dediyim kimi hərəkət etdi və bir il sonra onun oğlu dünyaya gəldi”.

İnsanlara təmənnasız kömək edir

Bu hadisədən sonra Fezullah Nurinin özünə inamı artır. O, iştirak etdiyi məclislərdə öz qabiliyyəti barədə daha ürəklə danışmağa başlayır: “Mən ürəyiyumşaaq adamam. Hansısa körpənin ana bətnində qətlə yetirilməsinə dözə bilmirəm. Buna görə də oğlan uşağı istəyən dost-tanışa yardım əlimi uzadıram. İstəmirəm ki, bəzi valideynlər ana bətnindəki körpənin qız olduğunu müəyyənləşdirəndən sonra onun doğulmasını əngəlləsinlər. İndiyə kimi oğlan istəyən 30 ailəni arzusuna çatdırmışam. Mən insanlara təmənnasız kömək edirəm. Kömək etdiyim 30 ailənin heç birindən bir qəpik də pul götürməmişəm. Valideynlər mənə nəsə vermək istəyəndə deyirəm ki, evinizə gedib, Allaha dua edin. İnsana oğlu da, qızı da Allah verir”.

Fezullah Nurinin sözlərinə görə, indiyə kimi 3 dəfə verdiyi proqnoz səhv çıxıb. Həmsöhbətimiz deyir ki, xeyli müddət daşınıb-düşünəndən sonra bunun səbəbini müəyyənlşədirə bilib:
“Travma alan, ağır xəstəlik keçirən cütlüklərlə bağlı verdiyim proqnoz bəzən özünü doğrultmur. İndiyə kimi 3 dəfə bu cür halla qarşılaşmışam. Bu məsələni araşdıranda məlum olub ki, valideynlərdən biri nə vaxtsa ağır xəstəlik keçirib. Onu da deyim ki, mənə heç də həmişə oğlan istəyən cütlüklər müraciət etmirlər. Bəzən elə ailələr olur ki, qız övladına sahib olmaq üçün məndən kömək istəyirlər. Qız uşaqları ilə bağlı verdiyim proqnozlar heç vaxt səhv çıxmayıb”.

Xərçəng xəstələrinə məsləhət

Fezullah Nurinin sözlərinə görə, o, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara da kömək əlini uzadır. Belə situasiyalarda ona həm biologiya fənnindən sahib olduğu bilgilər, həm də intusiyası kömək edir:
“Əmim ötən il prostat vəzindən əməliyyat olunub. Bu yay onun ağrıları yenidən baş qaldırdı. Əmimə yetişmiş pomidoru maşından keçirib, şirəsini içməyi məsləhət gördüm. Əmim pomidor şirəsi içməyə başlayan kimi onun ağrıları dayandı. Həmçinin mənə elə gəlir ki, hələ yetişməmiş əncirin südünü sıxıb içməklə mədədəki xərçəngi müalicə etmək olar. Elə bilirəm ki, göy əncir xərçəng xəstəliyinin qarşısını almaq üçün ən təsirli vasitədir”.

Seymur VERDİZADƏ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI