Milli Məclis 2013-cü ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb. Xatırladaq ki, parlamentə təqdim olunan layihədə gələn il büdcə gəlirləri üzrə 12,4%-lik, xərcləri üzrə 12,1%-lik, kəsir üzrə isə 3,5%-lik artım gözlənilir. Büdcə gəlirlərinin strukturunda 11 350 mln. manat və ya 59,3% Dövlət Neft Fondundan daxilolmaların, 6 400 mln. manat və ya 33,4% Vergilər Nazirliyi üzrə daxilolmaların, 1 380 mln. manat və ya 7,2% Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların, 5 mln. manat dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların və 19 mln. manat sair daxilolmaların payına düşür. Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 3 760 mln. manatının və ya 58,8% -nin qeyri-neft sektoru hesabına formalaşacağı gözlənilir.
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov da parlamentin iclasında həmkarlarının diqqətini büdcənin formalaşması və xərclənməsi ilə bağlı bəzi məqamlara yönəldib.
Modern.az bildirir ki, İ.İsmayılov deyib ki, dövlətin apardığı sosialyönümlü siyasətin bir göstəricisi olan maaş artımının 2013-cü ildə də davam edəcəyinə şübhəsi yoxdur, elə investisiya layihələrinin maliyyələşməsi də böyük sayda yeni iş yerlərinin açılması və son nəticədə əhalinin gəlirlərinin artması deməkdir:
“Ancaq belə bir artımın xoşagəlməz, eyni zamanda qaçılmaz nəticələri də olur və onlardan biri də inflyasiyanın artmasıdır. Xatırladım ki, büdcə layihəsində 2013-cü il üçün inflyasiya proqnozu 5,7% təşkil edir, bu da bu ilin sonunadək gözlənilən inflyasiya göstəricisindən 1% artıqdır. Zənnimcə, inflyasiyaya təsir göstərmək və bununla “maaş artımı-inflyasiya” halqasının təsirini azaltmaq yolunda dövlət tənzimlənməsi alətlərinin heç də hamısından istifadə edilmir. Hamıya məlumdur ki, istehlak bazarında qiymətlərin artması heç də hər zaman obyektiv bazar prosesləri ilə bağlı olmur və bizim ölkədə, bir çox hallarda, bu artımın arxasında inhisarçılıq durur. Bəs bu yöndə nə işlər görülür? Bilirsiniz ki, inhisarçılıqla mübarizə üçün hələ 19 il əvvəl “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, əvvəl müstəqil, sonradan isə İqtisadi İnkişaf Nazirliyi strukturunda xüsusi bir qurum - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yaradılmışdır. Təəssüf ki, yarandığı gündən bu yana bu qurum - və mən bunu dərk edirəm, obyektiv səbəblərdən –inhisarçılıqla bağlı ciddi addımlar ata bilməyib və ümumrespublika səviyyəsində fəaliyyət göstərən nəhəng “monopoliyaların” qapılarına belə yaxınlaşmağa cürət etməyib. Təkcə onu deyim ki, mətbuatda bu struktur haqda məlumatların 90%-i inhisarçılıqla yox, onun tərəfindən istehlak bazarında yararsız ərzaq məhsullarının aşkar olunması ilə bağlı olur. Mənə elə gəlir ki, inhisarçılıqla bağlı daha təsirli tədbirlər görülməli, daha ciddi və müstəqil stuktur yaradılmalı və bu struktur dövlət başçısı tərəfindən dəstəklənməlidir”.
Millət vəkili bu problemlə bağlı daha bir maraqlı faktı xatırladıb:
“2006-cı ildə Rəqabət Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılıb. Artıq 6 il keçib, amma indiyədək o məcəllə qəbul olunmayıb. Yəqin ki, bu qanunun bu və ya növbəti sessiyada qəbul olunması hökumətin istehlak bazarına təsirini artırar və nəticədə qiymətlərin süni şəkildə şişirdilməsinin qarşısını almaqda dövlətin əlində əlavə bir alət ola bilər. Bu tədbirlərin nəticəsi isə o olacaq ki, istehlak bazarında qiymətlərin məqsədli və ya nəzarətsiz artması aradan qaldırılacaq, büdcədə maaş artımına və maaşların indeksasiyasına yönələn xərclər minimuma endiriləcək”.
İlyas İsmayılov çıxışının sonunda digər bir məsələyə də toxunub:
“Büdcə layihəsində bir barrel neftin satış qiyməti 100 dollar səviyyəsində qəbul edilib və büdcə gəlirlərinin böyük bir hissəsi, yəni Dövlət Neft Fondundan büdcəyə ediləcək trasfertlər məhz bu rəqəm əsasında hesablanıb. Halbuki, Azərbaycan qədər karbohidrogen satışından asılı olan iki ölkənin büdcə layihələrində bu rəqəm başqadır – Rusiyada – 91 dollar, Qazaxıstanda – 90 dollar. Maliyyə naziri cənab Samir Şərifovdan xahiş edirəm ki, bu göstəricinin 100 dollar olmasının hansı proqnozlar əsasında götürüldüyünü məclisə izah etsin”.
Modern.az