XXI əsr texnologiya və sosial şəbəkələr əsridir. Getdikcə dəyişən cəmiyyətin əsas simvollarından biri insanların şəxsi həyatlarını ictimailəşdirməsi, fotolar paylaşmasında özünü göstərir. Tənhalıqdan qaçmaq, özünütəsdiq ehtiyacı, eqonu qidalandırmaq insanlarda fotoya aşırı istək yaradıb.
Təbii ki, hər zaman şəkil çəkdirərkən gözəl görünməyə çalışırıq. Xüsusəndə qadınlar qüsurlarını örtmək üçün müxtəlif pozalar seçir. Son illər insanlar arasında əsasəndə qadınların istifadə etdiyi bəzi pozalar var ki, gündəm yaradıb.
Belə ki, qadınlar şəkil çəkdirərkən çox zaman bir ayaqlarını yuxarı qaldırır və ya ayaqlarını el dilində desək “əyri” qoyurlar.
Maraqlıdır, bunun səbəbi nədir? Qadınlar arasında “xəstəliyə” çevrilən bu pozun kökü nədən gəlir?
Psixoloq Fərqanə Mehmanqızı Modern.az-a bunun bir tendensiya olduğunu və insanların trendə uyğun hərəkət etməyi sevdiklərini deyib:
“Bu insanlar arasında bir tendensiyadır. Cəmiyyətdə həmrəylik psixologiyası var. Şəkil çəkdirərkən əksər xanımların bu cür pozalardan istifadə etməsi həmrəylik psixologiyasından irəli gəlir. Nə trendə düşürsə, cəmiyyət ona meyil salır və gündəmə uyğun hərəkət edir.
Kütlə gündəmə uyğun hərəkət etməyi sevir. Ona görə bu gün istər şəkil çəkdiriləndə, istər hansısa bir məsələdə həmrəylik psixologiyası önə keçir.
Ümumiyyətlə, insanlıq yaranandan bu günə qədər yaşadığımız həyatı həmrəylik psixologiyasına borcluyuq. Bu şərti refleksdir, bir çox problemlərdən qoruduğu halda, başqa problemlərə də sala bilir”.
Fidan İlqar