Modern.az

Ermənilər və havadarları azərbaycanlıları yanlış dəyərləndirmişdi - Qələbənin SƏBƏBİ

Ermənilər və havadarları azərbaycanlıları yanlış dəyərləndirmişdi - Qələbənin SƏBƏBİ

30 Sentyabr 2021, 11:05

Bu günlərdə Azərbaycanın qalibiyyətilə yekunlaşan 44 günlük Vətən Müharibəsinin 1 il tamam oldu. Siyasi analitiklər Vətən Müharibəsinin başlanma səbəbi, Azərbaycanın necə qalib gəldiyi və digər məqamlarla bağlı fikirlərini bölüşməkdə davam edirlər.


Modern.az xəbər verir ki, “Şərq-Qərb” Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib ki, Azərbaycanın 44 günlük Vətən Münaribəsindəki qələbəsini təmin edən bir neçə amil vardı.

“Bu amillərdən biri azərbaycanlıların kənardan yanlış dəyərləndirilməsiydi”, - deyə politoloq bildirib.

Onun sözlərinə görə, 27 il ərzində aparılan və vaxt udmağa, işğalın ağrı-acılarını unutdurmağa xidmət edən səmərəsiz sülh danışıqları təkcə düşməndə və onun havadarlarında deyil, həm də vasitəçilərdə azərbaycanlılar haqqında təxminən belə təsəvvür yaratmışdı:

-Bu xalq döyüşən deyil, elə ona görə də Birinci Qarabağ Müharibəsində məğlub olub;

-Azərbaycanlılar tacir (alverçi) xalqdır;

-İllər keçdikcə bu xalq öz məğlub durumu ilə daha çox hesablaşmaqdadır.

-Neft gəlirləri azərbaycanlılarda təminatlı gələcəyə ümid yaradıb və onlar bu ümidi müharibə təhdidi yaradaraq dağıtmaq istəməzlər;

-Azərbaycan cəmiyyəti mənəvi aşın(dırıl)ıb, döyüşüb torpaqlarını işğaldan azad etmək isə belə cəmiyyətin işi deyil.


“Bu yerdə haşiyə çxımağa məcburam: bir çox beynəlxalq təmsilçilərlə fərdi söhbətlərimdə belə fikirlər eşitmişdim ki, biz azərbaycanlılar daim ticarət yolunun üzərində olduğumuzdan iqtisadi münasibətlərdə daha uğurluyuq. Başqa sözlərlə, möhtərəm dəyərləndiricilər öz təxəyyülündə bizə "alverçi xalq" imici yaratmışdılar.

Ən başlıcası isə odur ki, bütün bu, yalanlara ilk növbədə və bəlkə də yalnız özləri inanmışdılar. Rəqibi layiqincə dəyərləndirməmək isə ona məğlub olmağa aparan ən etibarlı yoldur. Bəzən belə müzakirələrdə tərəf müqabillərimə etiraz etmək istəyəndə bunun mənasız olduğunu görürdüm”.

Siyasi şərhçi deyir ki, düşmən və onun havadarları daim azərbaycanlıları aşağılamaqda idilər”

“Rus ekspertlərindən tutmuş İran ruhanilərinədək azərbaycanlıları alver, çal-çağır, oğurluq, yalan, yaltaqlıq, riyakarlıq və ən başlıcası qorxaqlıq içində boğulan xalq kimi təsəvvür və təqdim edirdilər.

Ən pisi isə o idi ki, durmadan xalqı aşağılamaqda davam edirdilər. Xüsusilə də ermənilər. Bəli, ermənilər, rəsmi Ermənistan yox, az qala bütün ermənilər. Sosial şəbəkələrdə, yazılarında, danışıqlarında azərbaycanlılar haqda təhqiramiz, aşağılayıcı ifadələr işlədənlər bununla bizi savaşa, özü də ölüm-dirim savaşına hazırladıqlarını anlamırdılar”.

Ə.Oruclunun sözlərinə görə, ermənilərin ən fatal səhvi isə özlərini uydurduqları "azərbaycanlılar döyüşə bilmirlər" psevdotezisinə inandırmaları idi.

“Bütün bu, yanlış dəyərləndirmələr burulğanında kimsə Azərbaycanı dərindən öyrənməyə çalışmırdı”.


Ekspert deyir ki, düşmən başa düşmək istəmirdi ki, torpağı əlindən alınan, azərbaycanlıların son itirə biləcəyi onun qüruru, mənliyi və ləyaqətidir.

“Bunları qorumaq üçün o, ölümünə döyüşəcək. 44-günlük müharibədə döyüşdüyü kimi...”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu