Cənubi Afrika Respublikasının milli neft şirkəti “PetroSa “-nın icraçı direktoru Nosizve Nokve, CAR-ın Enerji Nazirliyinin direktor müavini Tsetiso Maqubela, CAR-ın Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə Beynəlxalq Əməkdaşlıq İdarəsinin direktoru Novetu Luti, CAR-ın Türkiyəyə, həmçinin Azərbaycana akreditə olunmuş səfirinin müşaviri Soraya Cakobs və Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Bakı Ali Neft Məktəbində olublar.
Modern.az xəbər verir ki, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. O, Bakı Ali Neft Məktəbinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda dövlət müəssisəsi statusunda yaradıldığını qeyd edib. Rektor Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsədin Azərbaycanda beynəlxalq standartlara uyğun, ən müasir tədris planları və texnologiyaları əsasında qurulan təhsil prosesini təşkil etmək, sənayenin müasir tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərə yaranan ehtiyacı ödəmək, ARDNŞ-nin Azərbaycanda və ölkə hüdudlarından kənarda genişlənən fəaliyyətini nəzərə alaraq, müasir biliklərə yiyələnən, ingilis dilli mühəndis kadrları hazırlamaq olduğunu qeyd edib. Qonaqlar qısa vaxt ərzində Bakı Ali Neft Məktəbinin əldə etdiyi naliyyətləri yüksək qiymətləndirdiklərini qeyd edərək , onunla müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və CAR-ın tanınımış Pritoria Universiteti və digər texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduqlarını bildiriblər. Görüşün sonunda Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara Bakı Ali Neft Məktəbinin adından hədiyə verib və xatirə şəkili çəkdirilib.