Modern.az

Saakaşvili Gürcüstanda qarşıdurma yaradacaq

Saakaşvili Gürcüstanda qarşıdurma yaradacaq

Dünya

1 Oktyabr 2021, 09:06

2013-cü ildə səlahiyyət müddəti başa çatdıqdan dərhal sonra Gürcüstanı tərk edən eks-prezident Mixail Saakaşvili Tbilisi Məhkəməsi tərəfindən vəzifədən sui-istifadə etməkdə təqsirləndirilərək, barəsində açılan iki cinayət işi üzrə 3 və 6 il həbs cəzasına məhkum edilmişdi.


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu günlərdə "Facebook" səhifəsində oktyabrın 2-si tarixinə Tbilisiyə bilet aldığını bildirib. Təsadüfi deyil ki, Mixail Saakaşvilinin ölkəyə qayıtdığı gün Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.


Bəzi siyasətçilər Mixail Saakaşvilinin ölkəyə qayıtmasının planlaşdırılmış gəliş olduğunu deyir. Və əlavə edirlər ki, Gürcüstan hökuməti onu həbsə atsa belə, gürcü xalqı keçmiş prezidentini azad edəcək.


Maraqlıdır, seçki günü Mixail Saakaşvilinin həbs olunmağı gözə alaraq ölkəyə qayıtmasında əsas məqsəd nədir? Onun ölkəyə qayıtması nələrə səbəb ola bilər?


Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyasının üzvü, sabiq deputat Mahir Dərziyev Modern.az-a deyib ki, bu, Mixail Saakaşvilinin ölkəyə qayıdacağını dediyi ilk hal deyil:


“Oktyabrın 2-si Gürcüstanda yerli özünü idarəetmə seçkiləri keçiriləcək. Beynəlxalq müşahidəçilər, xarici təşkilatlar tərəfindən indiyə kimi keçirilmiş bütün seçkilər şəffaf, demokratik, rəqabət qabiliyyətli seçkilər kimi dəyərləndirilib.

Düzdü, həmişə fərqli-fərqli nöqsanlar da diqqət çəkmişdir. Amma bu bütövlükdə seçkilərə verilən yüksək qiymətə kölgə salmamışdır.

İndi də eyni ab-hava ilə seçkilərə hazırlıq gedir. Bu məqamda Mixail Saakaşvili ölkəyə qayıdacağını elan edir. Əvvəlcə onu deyim ki, Saakaşvilinin “Gürcüstana qayıdacağam” deməsi ilk dəfə deyil. Gah ağ atın üzərində, gah dənizin altından qayıdacağını deyib. Amma heç birinə əməl etməyib”.


Sabiq deputat deyir ki, eks-prezidentin qayıdışı ölkədə vətəndaş qarşıdurması yarada bilər:


“Açığını desək, indi də Saakaşvilinin gəlməmək ehtimalı çoxdur. Amma gələrsə, qanun gərəyi həbs olunacaq. İki cinayət işi üzrə Saakaşviliyə qiyabi olaraq həbs cəzası təyin olunub. Bundan başqa, ona qarşı müəyyən ittihamlar üzrə cinayət işi açılıb və istintaq gedir.

Gürcüstana qayıdışı Saakaşvilinin məqsədli planıdır. Yəni onun gəlməsinin məqsədi ölkədə vətəndaş qarşıdurması yaratmaq, gərginliyin artmasına nail olmaq və özünün partiya mənafelərini dövlət mənafelərindən üstün tutmaqdır.

Təsadüfi deyil ki, Amerika səfiri də bu gün açıqlama verib bildirdi ki, Saakaşvilinin bu məqamdakı gəlişi ölkədəki vəziyyəti gərginləşdirəcək və bu qayıdış Gürcüstanın maraqlarına sərf etmir”.


Fidan İlqar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal