Modern.az

Qənirə Paşayeva: “Minlərlə insanın gələcəyi zərbə altındadır”

Qənirə Paşayeva: “Minlərlə insanın gələcəyi zərbə altındadır”

15 Noyabr 2012, 16:17

“Əmək müqaviləsi olmadan çalışan və ya sənədləşmədə əmək haqqı azaldılaraq  göstərilən minlərlə insanın gələcəyi zərbə altındadır və biz hökumət və qanunverici orqan olaraq bununla bağlı ciddi tədbirlər görməliyik”.
Bu fikirləri noyabrın 15-də parlamentdə Dövlət Sosial Müdafiə Fondunun 2013-cu ilə büdcə dərci ilə bağlı müzakirələrdə çıxışı zamanı millət vəkili Qənirə Paşayeva dilə gətirib. O, bildirib ki,  Azərbaycanda əmək müqavilələrinin bağlanması məsələsi və özəl sektorda işçilərin real əmək haqlarının gizlədilərək az göstərilməsi məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır.

“Xüsusilə bir sıra iri özəl şirkət və müəssisələrdə əmək müqavilələrinin bağlanması problemi və ondan heç də az olmayan  digər ciddi problem əmək haqlarının gizlədilməsi, çox az göstərilməsi hələ də davam edir. Neçə illərdir bu məsələ ciddi problem kimi qaldırılsa da, onun həlli istiqamətində ciddi addımların atılması müşahidə olunmur. Bu sahəyə cavabdeh qurumlar, nəzarəti həyata keçirməli olan qurumlar öz işlərini daha da artırmalıdırlar və hesabat verməlidirlər. Nədir problem? Əmək müqaviləsi olmadan işçi çalışdıran və ya sənədlərində işçilərin əmək haqlarını az göstərən şirkətlər ciddi cəzalandırılarsa bu hallara qarşı ciddi mübarizə aparmaq mümkündür”
Qənirə Paşayeva daha sonra qeyd edib: "Açıqlayın bu şirkətlərin adını qoyun qanunlarla bərabər ictimai qınağın da obyekti olsunlar.  Çox yaxşı olardı ki, əmək müqavilələri ilə bağlı ciddi qanun pozuntularına yol verən iri şirkətlərin, idarə və müəssisələrin  adları açıqlansın və bu onların bu pozuntulara görə nə cür cəzalandırıldığı insanlara, cəmiyyətə çatdırılsın. Əgər bu məsələdə şəffaflıq, açıqlıq olmasa, eyni zamanda, cəzalandırma tətbiq edilməsə problemlər öz yerində sayacaq. Bu baxımdan artıq aidiyyatı qurumların bu yöndə ciddi addımlar atması vaxtıdır”.

Qənirə Paşayeva bildirib ki, bu problem minlərlə insanın gələcəyini zərbə altına qoyur: "Biz pensiya sisteminde islahatlar apararaq fərdi uçot sisteminə keçmişik. Bəs müqaviləsiz işləyən adamlar necə pensiya ala biləcəklər? Onlar gələcəkdə pensiyadan məhrum olacaqlar..  Və ya sənədlərində əmək haqları real göstərilməyən, gizlədilərək, tamam azaldılaraq göztərilən minlərlə insanın gələcəyi nə olacaq? Təsəvvür edin, bu insanlar sabah pensiyaya çıxanda necə olacaq, onlar nə qədər pensiya alacaqlar? Onlar qəpik-quruş pensiya alacaqlar. Bəs necə yaşayacaq bu adamlar? Biz bu problemin ağırlığını ciddi düşünməliyik və sərt mübarizə tədbirləri görülməlidir.  Heç kəsə güzəşt edilməməlidir bu məsələdə. Mən Səlim müəllimlə razıyam ki, yeni normativ sənədlər də qəbul etmək lazımdır. Dövlət, dövlət büdcəsi, Sosial Fondun büdcəsi bu məsələdən, bu problemdən hansı əziyyət çəkir Səlim müəllim açıqladı. Dövlətdən büdcəsindən  nə qədər pul gizlədilir, daha doğrusu nə qədər pul yayındırılır. Eyni zamanda dövlətlə bərabər, minlərlə insanımızın ən ağrılı problemidir  bu və təcili şəkildə bu istiqamətdə sərt mexanizmlə işə salınmalıdır".

 Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi