Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin 4-cü iclası, İƏT-in Regional Ərzaq Təhlükəsizliyi Proqramının icrası üzrə Donorların 2-ci Konfransı və Kənd Təsərrüfatı Nazirlərinin 5-ci iclasında iştirak etmək üçün Türkiyənin Antalya şəhərində səfərdədir. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, səfər çərçivəsində İsmət Abasov Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerlə görüşüb. Görüşdə Azərbaycanla Türkiyə arasında aqrar sahədə qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivlərinin inkişaf etdirilməsi müzakirə olunub.
Nazir İ.Abasov bildirib ki, Türkiyədə aqrar sahədə sürətlə inkişaf edir və iki ölkə arasında aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Nazir toxumçuluq sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə Azərbaycan-Türkiyə Birgə Toxumçuluq Təsərrüfatının genişləndirilərək nümunəvi bir təsərrüfata çevrilməsini məqsədəuyğun hesab etdiyini deyib: “Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda 50-dən artıq iri taxılçılıq fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulub və bu işlərə artıq start verilib. Bu proseslərdə Türkiyənin şirkətlərinin də iştirakını vacib sayırıq. Bunun üçün bütün imkanların mövcud olduğunu diqqətə çatdırmaq istərdim”.
Türkiyə ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker iki ölkənin əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu və bu inkişafa daim dəstək verməyə hazır olduqlarını bildirib.
İ.Abasov İƏT-ə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin Antalyada keçirilən 5-ci iclasına iştirak edib. İclası giriş sözü ilə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker açıb.
İclasda çıxış edən nazir İsmət Abasov üzv ölkələr və region üçün vacib əhəmiyyətə malik olan kənd təsərrüfatı sahəsinə həsr edilən bu iclasa dəvətinə görə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri M.M.Ekerə təşəkkürünü bildirib.
İsmət Abasov bugünki iclasın çox əlamətdar bir tarixdə baş verdiyini və 20 il bundan əvvəl, 1992-ci ilin noyabr ayında Azərbaycan da daxil olmaqla 7 ölkənin (Əfqanıstan İslam Respublikası, Qazaxstan Respublikası, Qırğız Respublikası, Tacikistan Respublikası, Özbəkistan Respublikası və Türkmənistan) ECO-ya qoşulduğunu, təşkilatın üzvlərinin sayının 3-dən 10-a çatdığını bildirib. Nazir ECO-nun genişləndiyi gün-28 noyabr “ECO günü” münasibətilə iclas iştirakçılarını öncədən təbrik edib: “O vaxtdan bu günə qədər təşkilatın yeni dövrü başlayıb. Azərbaycan öz tərəfindən bütün dövrlərdə ECO təşkilatının fəaliyyətinə böyük önəm verib və ECO-nun uğurlu fəaliyyəti bütün üzv ölkələrin marağındadır. Çünki bizi həm ortaq tarixi və mədəni dəyərlər, həm də iqtisadi və siyasi maraqlar birləşdirir.
Nazir qeyd edib ki, ECO regionu ölkələrinin iqtisadiyyatında kənd təsərrüfatının önəmli yeri vardır və bu təşkilatın kənd təsərrüfatı sahəsində bütün təşəbbüslərinə Azərbaycan tərəfindən dəstək verilir. İ.Abasov eyni zamanda, son iki ildə təşkilata sədrlik etmiş Türkiyəyə və onun rəhbərliyinə uğurlu fəaliyyət üçün minnətdarlığını bildirərək, bu dövrdə təşkilatın fəaliyyət dairəsinə daxil olan bir çox sahələrdə, o cümlədən ECO regionu üçün xüsusi əhəmiyyət kəsb edən kənd təsərrüfatı sahəsində əməkdaşlığın xeyli gücləndirildiyini diqqətə çatdırmışdır:
“ECO çərçivəsində yaradılan bu regional təşəbbüslər təşkilata üzv ölkələrin aidiyyəti qurumları ilə sıx əməkdaşlıq şəraitində çalışmalı, üzv ölkələr bu mexanizmlərə yaxından inteqrasiya etməli və mexanizmlər vasitəsilə ötürülən mütərəqqi təcrübələri öz milli siyasətlərinə daxil etməlidirlər. Yalnız sıx inteqrasiya və davamlı təcrübə mübadiləsi vasitəsilə ölkəmiz regionun üzləşdiyi problemlərə effektiv cavab verə bilər”.
İ.Abasov Azərbaycanda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlərlə iclas iştirakçılarını tanış edərək bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinin hazırkı inkişaf konsepsiyası ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda öz əksini tapıb. Proqramda nəzərdə tutulan ortamüddətli hədəflərə çatmaq, kənd təsərrüfatı sahəsində özəl sektora dəstək məqsədilə dövlət tərəfindən çoxşaxəli tədbirlər həyata keçirilir:
“İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin təcrübəsinə əsaslanaraq Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına subsidiyalar formasında birbaşa dəstək, vergi güzəştləri, güzəştli kreditlər formasında isə dolayı yolla dəstək göstərilir”.
İsmət Abasov iclas iştirakçılarının diqqətini ECO-nun “Regional Ərzaq Təhlükəsizliyi Proqramı”na yönəldərək, layihənin ECO-ya üzv olan ölkələrin yaxından iştirakı ilə həyata keçirilməsi üzrə səylərin artırılması zəruriliyini bildirib: “Dünya əhalisinin durmadan artdığı və ərzaq ehtiyatlarının məhdudluğu şəraitində hökumətlərin üzərinə düzgün və balanslaşdırılmış siyasətin müəyyən edilməsi kimi vacib missiya düşür. Ərzaq məhsullarının davamlı istehsalı, ərzaq təhlükəsizliyinin yerli, milli, regional və qlobal səviyyələrdə təmin edilməsinə nail olmaq məqsədilə hökumətlərlə vətəndaş cəmiyyəti və özəl sektor arasında dialoq genişləndirilməli, beynəlxalq təşkilatlar, o cümlədən ECO ilə koordinasiya gücləndirilməlidir və yalnız bu yolla 21-ci əsrin çağırışlarına effektiv cavab verə, ərzaq məhsullarının dayanıqlı istehsalına nail ola bilərik”.
İclasın sonunda Antalya Bəyannaməsi qəbul edilib.
Modern.az