İllər yüzillikləri, yüzilliklər də minillikləri əvəz edir. Qısacası, zaman dəyişir, bəs insanlar? İnsanlar da dəyişir, amma görünüşcə. Düşüncə baxımından biz dəyişmirik. Ya dəyişməkdən qorxruruq, ya da elə olanımız budur. Zamanında cəmiyyətə, mətbuata yenilikləri gətirməyi bacaran Əli bəy Hüseynzadə yazırdı: “Bizə islam etiqadlı, türk hissiyyatlı, müasir qiyafəli, Avropa qafalı yeni insanlar lazımdır”.
Bu fikrin üzərindən artıq 100 ildən çox keçib. Bu yüz ildə biz avropalılardan ancaq qiyafələrini çəkib ala bildik. Bununla da heç nəyə nail ola bilmədik. Deyirəm bu avropalılar nə simic imişlər? Niyə öz ağıllarından zərrə qədər də olsa bizə pay vermirlər? Kor-kor, gör-gör, Avropa ağlına ehtiyacımız olduğunu ki, bilirlər…
Yox, əşşi. Biz hələ də XX əsr drammaturqlarımıza uzaqgörən, yaxud da zəmanəmizin dramaturqları deyirik. Nəzərinizə çatdırım ki, artıq XXI əsrdəyik. Bu çox babırçı etirafdı, əzizlərim. Əvvəla, ona görə ki, o vaxtdan bu vaxta əsr dəyişib amma biz elə biz olaraq da qalmışıq. İnsanlar da dəyişir, razıyam. Doğulanlar ölənləri əvəz edir. Amma hər yeni doğulan da köhnələrin “kopya”sı olur elə bil. Görəsən, biz o dövrlə, yəni XX əsrlə hələ çox öyünəcəyik???
Böyük bir ümidlə yaşayıram ki, nə zamansa bizim ədəbiyyatımızda şair və ya yazıçıların fəaliyyətindən bəhs edərkən belə yazacağıq: “XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri də dramaturq …… olub. Zəngin yaradıcılıq yolu keçən yazıçının əsərləri ilə biz o dövrün həyat mənzərəsinə rahat şəkildə nəzər yetirə bilirik. Bu əsl sənətkarlıqdır və s kimi sözlər…”.
Hələ də teatr ocaqlarımızda XX əsr dramaturqlarının əsərləri səhnələşdirilir. Bilirsiniz niyə? Çünki, zəmanə dəyişsə də, bu mövzular öz aktuallığını itimir, yəni bu günümüzlə səsləşir. Bu gün də oxumaq üçün xaricə getmək istəyən Şamxalların qarşısını qısqanc Şərəfnisələr və caduya meyilli Şəhrəbanular alır, hələ də bu dövrdə caduyla insanları xamlayıb olan-qalan mülkərini əllərindən alan Məstəli şahlar, Molla İbrahimxəlil kimi kimyagərlər, var-dövlət hərisi olan xəsis Hacı Qaralar yaşayır. Müasir dövrü əks etdirən yazıçılar kifayət qədər var, amma yazıq yazıçı nə qədər eyni mövzudan yazsın? Vur tatı, çevir tatı.
Sabir, Haqverdiyev, Mirzə Cəlil kimi yazıçılar elə bizim düşüncəli insanları ayıltmaq üçün qələmə sarılmadılarmı??? Ruslara qul olmayaq deyə, özümüzü tanıyaq deyə bizi gah təndiq, gah da satira atəşinə tutmadılarmı??? Bəs hanı bizim insafımız? Niyə bizim üçün özlərini fəda edən bu insanları dinləmədik və dinləməməkdə də davam edirik? Vallah heç indi də gec deyil. Zərərin yarısından da dönsək, kardır deyirlər. Amma deyəsən, bizə görə bu məsəldəki kar sözü başqa mənadadır. Yəni zərərin harasından dönürsən dön, karlığımız var. Nəinki kar, hətta kor, lal da deyə bilərik. Deyəsən, o vaxt Sabirin yaradıcılığını oxuyan əksər həmyerlilərimiz bu şeiri yanlış, bəlkə də özlərinə sərf edən mənada anlayırlar.
Görmə! – Baş üstə, yumaram gözlərim.
Dinmə! – Mütiəm, kəsərəm sözlərim.
Bir söz eşitmə! – Qulağım bağlaram.
Gülmə! – Pəkey, şamu səhər ağlaram.
Vallah günah bizdədi. Olanımızın qədrini bilmirik. Avropanı Avropa edən Asiya oldu, amma ağıl ucbatından onlar bizdən önə keçməyi bacardı. Məsəl var, yeməyənin payını yeyərlər. Onlar da cəld tərpənib olanımızı elə mənimsədilər ki, “bizim idi” deməyə macal da tapmadıq. Fərasətinizə Maşallah.
İndi gəlin görək bizim bir vaxtlar nəyimiz var idi??? Yaxud da, Avropa bizdən nələri oğurlayıb???
Tarixdən hər birimizə məlumdur ki, 1096-cı ildən 1270-ci ilə qədər avropalıların Şərq torpaqlarına 8 böyük yürüşü olub. “Səlib yürüşləri” adlanan bu müharibələrdə Avropa cəngavərlərinin məqsədi zəngin mədəniyyətə malik olan Şərqi istila etmək idi. Ancaq Şərqə vandalizmin nümayəndələri kimi gələn Avropa əsgərləri bu istilaların sonunda mədəni əsgərlər kimi bu əraziləri tərk ediblər. Deyirlər dünya, gör-götür dünyasıdı, avropalılar mədəniyyət öyəndilər. Ancaq təəssüf ki, əvəz etmə qanununa uyğun olaraq Şərqin mədəniyyəti çökdü. Avropa cəngavərləri Şərq ölkələrini tuta bilməsələr də, oradakı xalqlara böyük bəlalar gətirdilər, ən əsası da vandalizmi. O vaxtdan Avropa oldu mədəni ölkə. Halbuki, avropalılar Şərqdən yeni kənd təsərrüfatı bitkilərini, xüsusilə çəltik, qarabaşaq, limon, ərik, qarpız, şəkər çuğunduru əkib-becərməyi öyrəndilər. Yel dəyirmanından istifadə etdilər. İlk dəfə ipək parçalar toxumağı, güzgü istehsal etməyi, metalı daha yaxşı emal etməyi öyrəndilər. Kağız, barıt və kompasla tanış olan avropalılar hətta yeməkdən qabaq əllərini yumağı, isti hamamda çimməyi, alt və üst paltarlarını dəyişməyi də Şərqdən öyrəndilər. Sizcə, Avropa feodalları dəbdəbəli yaşamağı kimdən öyrəndilər? Əlbəttə, Şərqdən.
Ürəyim o qədər doludur ki, şikayətlərim bitən deyil. Dahilərdən biri deyib: “Hər kəs dünyanı dəyişdirmək barədə fikirləşir. Ancaq heç kim özündən başlamır”. Mən buna cəhd edirəm. Siz də cəhd edin əzizlərim. Məsəl var, dama-dama göl olar. Gələcək nəsillərə yazıqdır. Keçmişimizə baxıb gələcəyimizi quraq. Çalışaq ki, hər yeni günə daha gözəl düşüncə ilə gedək. Qərb öz üstünlüyünü sübuta çalışsa da, unutmayaq ki, biz qədim və zəngin mədəniyyətə malik bir ölkənin yetirmələriyik.