Azərbaycan Amerika Alyansı Vaşinqton şəhərində Ağ Ev administrasiyası, ABŞ Konqresi, diplomatik korpuslar, elm və mədəniyyət sahələrindən təxminən 700 qonağın iştirak etdiyi təntənəli şam yeməyi təşkil edib. Modern.az xəbər verir ki, tədbir Birləşmiş Ştatlarla Azərbaycan arasında inkişaf edən qarşılıqlı əlaqələri işıqlandırmağa xidmət edib, eyni zamanda ABŞ-ın Cənubi Qafqaz regionunda əsas müttəfiqi olan ölkənin qədim tarixə malik zəngin mədəniyyətini təcəssüm etdirib.
“Bakılı qonaqlarla Vaşinqtonda bir axşam” adlandırılan qala-tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun dəstəyi ilə təşkil olunub.
Tədbirdə Azərbaycanın musiqisi və rəqsləri səsləndirilib və eləcə də Azərbaycan mətbəxinin ənənəvi yeməklərinin təklif olunduğu şam yeməyi verilib.
Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Asiya üzrə alt-komitəsinin sədri, respublikaçı Dan Barton giriş nitqi ilə çıxış edib. Onunla birlikdə tədbirdə Konqresin aparıcı simalarından senator Seksbi Çemblis, senator Riçard Bur və Nümayəndələr palatasının spikeri Con Bohner iştirak edib. Qonaqlar arasında Vaşinqtonda yerləşən 40 səfirlikdən səfirlər və digər yüksək vəzifəli diplomatik nümayəndələr də olub.
Öz çıxışında sədr Dan Barton Azərbaycanı və onun xalqını tərifləyərək qeyd edib ki, ölkə onda güclü təəssürat yaradıb: “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir”.
O, öz həmkarlarına və tədbirdə iştirak edən qonaqlara Bakıya səfər etməyi və Azərbaycanla tanış olmağı təklif edib. Barton həmçinin qeyd edib ki, “Azərbaycanla əlaqələrin genişləndirilməsi çox mühümdür”.
“Bu tədbir musiqi, mətbəx, və mədəni mübadilənin yer kürəsinin iki nöqtəsində yerləşən xalqlar arasında necə dostluq, qarşılıqlı hörmət və anlaşma körpülərinin qurmasının fantastik nümunəsidir” - deyə Azərbaycan Amerika Alyansının rəhbəri Anar Məmmədov qeyd edib.
“Bu axşam Azərbaycanın bir çox istedadlı ifaçılarının ifasındakı gözəlliyi, qüvvə və enerjini gördükləri zaman qonaqlarımızın simalarındakı heyranlığı görmək inanılmaz idi. Fəaliyyətimizi davam etdirdikcə mən qarşılıqlı anlaşma və tərəfdaşlıq üçün belə mübadilələrin inkişaf etdirilməsinə ümid edirəm”.
Tədbirdə həmçinin 2011-ci ilin Avroviziya Mahnı Müsabiqəsinin qalibləri Ell & Nikki, Natiq Ritm Qrupu, xanəndə Mənsum İbrahimov kimi sənət xadimləri iştirak ediblər.




Modern.az