Modern.az

Gənclərdən xəbərdarlıq: “Sabah aksiyamızı keçirib, cərimə ödəməyəcəyik”

Gənclərdən xəbərdarlıq: “Sabah aksiyamızı keçirib, cərimə ödəməyəcəyik”

Təhsil

16 Noyabr 2012, 12:00

“Hacıbala Abutalıbov bizə icazə verməsə də, sabah aksiyamızı Fəvvarələr meydanında keçirəcəyik”. Bu fikirləri Modern.az saytına Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatının sədri, 17 noyabr aksiyasının təşkilatçısı Əbülfəz Qurbanlı bildirib. Gənc fəal deyib ki, rəsmi şəkildə onlara icazə verilməsə də, “Parlament buraxılsın!” şüarı altında keçiriləcək aksiyanın hazırlıq işləri yüksək səviyyədə aparılıb.

Ə.Qurbanlı həmçinin qeyd edib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilən dəyişikliklərə əsasən, onlara qarşı cərimə sanksiyaları tətbiq olunsa, gənclər cərimə ödəməkdən imtina edəcəklər.

“Təbii ki, biz öncədən bildirmişdik ki, Bakı şəhər İcra Hakimiyyəti bizə icazə verməsə də, etiraz aksiyasını keçirəcəyik. Yenə də qərarımızın üstündə dayanırıq və sabah meydana çıxacağıq. O ki qaldı cərimələrə, bu bizi yolumuzdan döndərə bilməyəcək. Aksiya baş tutsun, ondan sonra cərimələrə münasibət bildirərik. İstər aksiyanın iştirakçıları olsun, istərsə də təşkilatlar olsun, cərimələr tətbiq edilərsə belə, ödəməyəcəyik”, -deyə Ə.Qurbanlı bildirib.

Müxalifyönlü gənclərin etiraz aksiyası sabah saat 15:00-də Fəvvarələ meydanında başlayacaq. Aksiyaya 300-dən çox gəncin qoşulacağı bildirilir.

Qeyd edək ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə əsasən, qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda 5000 manatdan 8000 manatadək cərimə nəzərdə tutulur (indiyədək cərimənin məbləği 300 manatadək olub).

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü