Modern.az

“Yazıçılar Birliyinin sədri öz səhvini etiraf edib”

“Yazıçılar Birliyinin sədri öz səhvini etiraf edib”

16 Noyabr 2012, 13:20

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvilinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərinə münasibət bildirib. Modern.az-a danışan Ə.Əsgəroğlu Yazıçılar Birliyi olaraq bu addımı pislədiklərini deyib.

“Gürcüstan Yaçızılar İttifaqının sədri həm də bir qələm sahibidir, ədəbiyyat adamıdır. Və istəməzdik ki, dünya xalqlarına məxsus qələm sahibləri belə səhvlərə yol versin. İndi artıq bu dövlət səviyyəsində olan məsələdir. Gürcüstan Xarici İşlər Nazirliyi həmin yazıçı xanımı bu addımına görə qınayıb və Yazıçılar Birliyinin sədri öz səhvini etiraf edib. Buna görə də bu söhbəti qabartmaq o qədər də düzgün deyil”, – deyə Ə. Əsgəroğlu qeyd edib.

Birlik rəsmisi bildirib ki, Yazıçılar Birliyi olaraq, bu kimi halları pisləyir və bunun yol verilməz hal olduğunu diqqətə çatdırırlar: “Bu, xalqlar arasında münaqişələrə, soyuq münasibətlərə gətirib çıxarar. Ona görə də Yazıçılar Birliyi bütün belə hallara qarşı həddindən artıq sərtdir və öz sərtliyini də nümayiş etdirir. Bu mənada biz əlaqədar təşkilatlara, Xarici İşlər Nazirliyinə sorğu göndərmişdik və o sorğuya əsasən bu söhbət beynəlxalq səviyyəyə qalxıb”.

Ə. Əsgəroğlunun sözlərinə görə, yazıçılar, şairlər bu cür hallarda şüurlu şəkildə, emosiyaya qapılmadan hərəkət etməlidirlər.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də Gürcüstan Yazıçılar İttifaqının sədri Makvala Qonaşvilinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfərini mənfi addım kimi qiymətləndirib.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi