Modern.az

“Azərbaycanın siyasi arenasında bizə rəqib olan siyasi qüvvə yoxdur”

“Azərbaycanın siyasi arenasında bizə rəqib olan siyasi qüvvə yoxdur”

Təhsil

16 Noyabr 2012, 19:02

Noyabrın 16-da Buta sarayında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi şərəfinə ziyafət təşkil olunub.
Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev ziyafətdə nitq söyləyib. Dövlət başçısı əlamətdar gün münasibətilə partiya üzvlərini təbrik edib. Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salan Prezident İlham Əliyev dövlət müstəqilliyimizin ilk illərində ölkədə bütün sahələrdə yaranmış böhrandan, iqtisadi və siyasi tənəzzüldən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş müharibədəki uğursuzluqlardan danışıb. Prezident İlham Əliyev həmin tarixi dövrdə Azərbaycanda yeni bir siyasi qüvvənin formalaşmasına zərurət yarandığını qeyd edib.

Bildirib ki, 1992-ci ilin noyabrında  görkəmli siyasi xadim Heydər Əliyev ölkənin nüfuzlu ziyalılarını öz ətrafına toplayaraq Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransını keçirib. Partiyanın qarşıya qoyduğu ilk məqsədlərdən biri ölkədə siyasi sabitliyin bərpa edilməsi və xalqın ağır mənəvi böhrandan çıxarılması olub.
Ölkədə iqtisadi, siyasi, demokratik islahatları Azərbaycanın hazırkı inkişafını şərtləndirən əsas amil kimi səciyyələndirən Prezident İlham Əliyev  partiyanın ölkədə ilk dəfə siyasi mübarizə ideyalarını yeni müstəviyə çıxardığını qeyd edib.

Dövlət başçısı Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının üzvlərinin  xidmətlərini  də  qeyd edib.  İlham Əliyev üzvlərinin sayı 600 minə çatmış partiyanın sıralarının gənclər hesabına daha da genişlənməsini mühüm proses  kimi dəyərləndirib.

“Azərbaycanın siyasi arenasında bizə rəqib olan siyasi qüvvə yoxdur”,-deyən Prezident İlham Əliyev partiya üzvlərinin  bütün dövrlərdə dövlətçiliyə sadiq olmasından, Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlərdəki rolundan da danışıb. 
Dövlət başçısı beynəlxalq aləmdə Azərbaycanın dostlarının sayının artmasını, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini,  xarici ölkələrə  investisiya qoyuluşu imkanlarının  genişlənməsini, Bakının ən mötəbər  beynəlxalq tədbirlərə ev sahibliyi  etməsini  Azərbaycanın dünyada  artan nüfuzunun göstəriciləri  kimi  səciyyələndirib. Prezident ölkəmiz üçün başlıca problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dövlətimizin mövqeyinin dəyişməz olduğunu bir daha bəyan edib.
“Bizim güclü dayaqlarımız–xalqımız, sürətlə inkişaf edən ölkəmiz, dəqiq konsepsiya və proqramlarımız vardır”,- deyən Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi  Azərbaycanın gələcək  inkişafında rolunun daha da artacağına əminliyini ifadə edib  və  bu yolda partiya üzvlərinə uğurlar arzulayıb.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü