Modern.az

Tənha salondakı dirijor - PORTRET

Tənha salondakı dirijor - PORTRET

Mədəniyyət

17 Noyabr 2012, 11:35

Vaqif Səmədoğlu: “Mənim bütün əsərlərim - dramaturgiyam da,  poeziyam da bir şeirdir. Və hələ bitməyib


I   pərdə

“Uşaq  vaxtı  həmişə istəmişəm  ki, qoca kişi olum, heç kim mənə deməsin ki, onu  eləmə, bunu elə”
Müəllifin daxili aləmini bu cümlədə axtarası olsaq,  nə  tapa bilərik?
Birincisi, azad olmaq sevdası, köləliyə nifrətamiz münasibət. Çünki heç kimin ona buyruq  verməsi, nəsə qulluq tələb etməsini həzm edə bilmir.
İkincisi, bu azadlıq içərisində  əldə edilmiş  və  yaşanılmış  məsumluq, saflıq, səmimilik. Çünki, uşaq ikən qocalmağı arzu etmək bir növ həmin şəxsin müdrikliklə qatışmış  məsumluğunun gəstəricisidir. Çünki, bu arzunu, yəni bu göstəricini hər kəs öz həyatında  tətbiq  edə  bilmir. Vaqif Səmədoğlunun kimliyini, daxili aləmini açmaqdan ötəri təbii ki, bu cümlə
kifayət etmir. Amma şair həyatının dərinliyindən gəldiyindən, mahiyyətindən  pərvaz  etdiyindən  ilkin tanışlıq  üçün qənaətbəxş  saymaq
olar. Birinci  pərdəni  bağlamamışdan  əvvəl  qəhrəmanın avtobioqrafiyası  ilə  tanış  olmaq yerinə düşərdi: Vaqif Səməd oğlu Vəkilov (Vaqif Səmədoğlu) - şair, dramaturq, publisist,  1970-ci ildən  Azərbaycan Yazıçılar Birliyinin  üzvü, Əməkdar incəsənət xadimi (1989) və
Xalq şairi (1989). 2000 və 2005-ci  illərdə Azərbaycan  Respublikası Milli Məclisinə deputat seçilib.
Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan
şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan  Dövlət  Konservatotiyasında  təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyasının  baş redaksiyasında incəsənət şöbəsinin müdiri (1968-71-),  “Oğuz eli”qəzetinin  baş redaktoru (1992-94) vəzifələrində çalışib.  “Humay mükafatı”  laureatıdır (1998).
Xalq şairi, novator  şeirimizin banilərindən olan Vaqif  Səmədoğlunun tərcümeyi-halı barəsində yazdığımız material  çox  azdır. Amma diqqəti onun həyatında baş verən maraqlı hadisələrə, şeirlərində gizlənmiş arzu-istəklərə və müxtəlif  dövrlərdə verdiyi  müsahibələrə  yönəltsək,
daha qənaətbəxş olardı. Həm də, bu vasitə ilə şairin portretini əks etdirmək fikrimizcə, daha məntiqə uyğun haldır.
Odur ki, dərhal  ikinci pərdəni açaq:

II  pərdə

“Ailəmi çox sevirəm. Lakin bir də görürsən ki, qışın oğlan çağında qəflətən hamıdan uzaqlaşıb bağ evimə gedirəm. Tək-tənha bağda oturub şeirlərimi yazıram. Neyləyim, mənim çörəyim də bu  tənhalığdan çıxır da...”.
Vaqif Səmədoğlu intervyusunda söylədiyi bu kiçik sətirdə  özünün bütün yaradıcılıq  qayəsini açıqlamış olur. Onun tənhalığı məzmun etibarilə ilahi bir tənhalıqdır. Şeirləri də bu tənhalıqdan yoğrulduğundan demək ki, onları da biz ilahi ilə söhbət adlandıra bilərik. Həm də bu əsərlər “əvvəli və sonu bilinməyən bir səsdi. Mışıl-mışıl  yatan  südəmər  körpənin, bir ömür
yaşamış yaşlı bir insanın nəfəsi var onlarda”. Vaqif  Səmədoğlunu çox zaman modern ədəbiyyatımızda tənhalıq poeziyasının yaradıcısı adlandırırlar. Tənhalıq poeziyasını yaradan ədib gərək ki, həyatda da o qədər yalnız,  tək olsun ki, ədəbiyyat naminə effektiv bir əsər yarada bilsin. 
Yazıçı - publisist Afaq Məsudun  Vaqif Səmədoğlu şəxsiyyətini müəyyən etməyə imkan
verən essesindən sitat: ”Onunla getdiyimiz bir xarici ölkədə Vaqif təyyarədə də, hava limanında da, hətta  şəhəri  gəzərkən belə, çox qəmgin, bikef  idi. Heç kəslə dinib-danışmırdı. Lakin birdən... Qəfildən mağazaların birindən çoxdan bəri  axtardığı caz ifaçısının plastinkasını
görəndə çox sevindi, üzünün qırışları açılmağa başladı” .
Daxili aləminin mürəkkəbliyini, özünə qapanmasını təsdiq edən bu  kiçik fraqmentdə qəhrəmanımızın doğurdan da  öz  gizli, heç kimə bəlli olmayan aləmindən sivişib aramıza gəldiyinin fərqinə  varırıq. Onun  öz  dünyası var. Bəzən həmin dünyanın işartıları, yaşantıları yaddaşına qonaq gələndə “telefon dəstəklərinin qantel dövrü başlamış olur”. Yəni bu dövrdə telefon vasitəsilə insanlarla əlaqə saxlamaq, onlarla ünsiyyətdə olmaq belə, şairi yorur,
bezdirir , yüngül  telefon  dəstəyini  ağır  qantelə bərabər edir. Bu dövr cavanlıqdan  bəri  onu  izləyir,  yaxasından  əl  çəkmir. 1963-cü ildə yazdığı “Gözüm yolda “adlı şeirindən oxuyuruq:

Sabahdan  gözüm yolda
Nə bir günəş möhürləyən səhər,
Nə də axşam imzası gözləyirəm.
Gözüm yorğun, yorğanları qapanır...”

Tənhalıq  adlı ikinci pərdəni  bağlamamışdan  qabaq onu  da qeyd edək ki,  yalnızlıq  hissi Allah tərəfindən ona verilmiş şairlik istedadının əsas komponentidir.  Bu  komponenti  özündə yaşadan şəxs təbii ki, nə  parlamentdə , nə də hansısa bir idarəedici orqanda  şəxsiyyət  kimi öz  missiyasını  tam olaraq başa vura bilər!

III pərdə açılır... Və ordan dirijor  görünür ...

Bu dirijor Vaqif Səmədoğlunun özüdür. Əsərlərini, həyatda başına gələn hadisələrdən  formalaşdırdığı tam fərqli bir “Tənhalıq“ simfoniyasını ifa edir.

Şam yanır....
Enir masanın bayramlığına
Bir ovuc səhər...
Azacıq sönür kədər....

Bir  dəfə Vaqif  müəllimlə internet vasitəsilə etdiyimiz söhbətdə qocalığından şikayətləndi . Onda çox təəccübləndim. Axı Vaqif  müəllim deyildimi ki, qocalığın müdriklik qarışıq saflığını arzulayan?
Sonra ağlıma başqa fikir gəldi. Bəlkə Vaqif müəllim qocalıq zirvəsindən bezib. Bəlkə  ona daha azad, daha məsum bir zirvə gərəkdir? Hər halda dirijor  öz işindədir...  Mən bu zirvəyə həsr  olunmuş  simfoniyanı dinləyirəm...Vaqif  müəllim dirijorluğundan yorulmur..Bir şeiri yadıma düşür...

Qağayılardan savayı
Dənizlə  Allah  arasında
Kimsə  yox...

Məncə simfoniya səslənən zaman qağayılar Allaha onlardan daha yaxın olan
Vaqif Səmədoğlu şəxsiyyətinə heyranlıqla baxırdılar....

Elmin Nurizadə 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi