Hələ heç bir azərbaycanlı işğal altındakı Qarabağda onun qədər olmayıb. O, 20 ildir azərbaycanlıların ayağı dəyməyən torpaqlarda gəzə bilib. O, diplomatik missiyasına görə gördüklərini uzun müddət danışa bilməyib. Metyu Brayza ilə Vyanada qarşılaşanda ona ilk sualım belə oldu: “Nəhayət ki, danışın, nəyi gördünüz?”.
Əvvəlcə tərəddüddən sonra diplomatik missiyasını başa vurmuş amerikalı analitik “New Baku Post”a eksklüziv müsahibəsində ilk dəfə bəzi məqamları açıqladı. Bu, çox dəhşətli etiraflar idi:
“Sanki kimsə bıçağı götürüb və yer üzündən hər şeyi kəsib, lakin evlərin bünövrələrini saxlayıb. Bütün tikinti materialları daşınıb. Orda yaşayan ermənilər satıla biləcək hər şeyi daşıyıb”.
Metyu Brayza dedi ki, ən dəhşətli xarabalıqlar Ağdamdadır və bu şəhər indi vaxtilə Yaponiyanın atom bombasından zərər çəkmiş Naqasaki şəhəri kimi məhv edilib: “Ağdamda məsciddən başqa yer üzündə heç nə yoxdur, sadəcə boş bünövrələrdir. Təəssüf ki, bu, Ağdamın bugünkü görünüşüdür”.
Onun sözlərinə görə, yalnız Ağdamda məscid tam dağılmayıb: “Məscid hələ də ordadır. Gözəl görünür, lakin içində heç nə yoxdur, yalnız ruhlar var içində. Mən ilk dəfə ora gedəndə gördüm kimsə yoxdur, hasarı yoxdur, içində ancaq heyvanlar var idi. Mən Bernar Fasye ilə sonra İrəvana, eləcə də Xankəndinə getdim və narahatlığımızı onlara çatdırdıq və dedik ki, bu, yaxşı deyil, bu, dinə hörmətsizlikdir və bunu qəbul etmək olmaz.
Sonra məscidin ətrafında hasar çəkdilər. Lakin yenə də çox qəmgin, miskin görüntüdür”.
Metyu Brayza Laçında gördüklərini də danışdı:
“Laçın rayonunda cəmi bir neçə tikili qalıb. Biz helikopterlə üstündən uçduq, heç kim yoxdur, gözəl yerdir, ancaq Ağdam kimi orada da heç kim yoxdur”.
Onun sözlərinə görə, işğal altındakı torpaqlarda ətraf minalandığından 1993-94-cü il müharibəsindən qalmış olan xarab tanklar, hərbi texnika da yığışdırılmayıb. Ən böyük xarabalıqlar Ağdam, Füzuli və Laçındadır.
M.Brayza Qarabağ münaqişənin həlli ilə bağlı etimad mühitinin olmasını əsas sayır: “Hər bir tərəf böyük siyasi risk daşımağa hazır olmalıdır. Məncə, indi hər iki ölkənin prezidentlərini belə risk daşımağa inandırmaq üçün yüksək səviyyəli beynəlxalq ictimaiyyət çox fəal olmalıdır. İstər Azərbaycan, istərsə də Ermənistan prezidentləri bilməlidirlər ki, əgər onlar bu böyük riskə gedərlərsə, onda onlar ABŞ, Fransa, Rusiya, o cümlədən Avropanın digər ölkələrinin dövlət başçıları tərəfindən güclü dəstək alacaqlar.
İndiki anda inanmıram ki, bütün sadaladığım dövlət başçıları Qarabağ münaqişəsinə Bosniya və Kosovo məsələsinə verdiyi diqqəti yetirirlər. Ona görə də, bu problemin həlli üçün gərək sadaladığım dövlət başçıları desinlər ki, bu məsələ bizim üçün maraqlıdır və prezidentləri bu çətin və hətta riskli addımları atmaq üçün dəstəkləyirik”.
Keçmiş amerikalı diplomat bununla da etiraf etdi ki, həmsədr ölkələr münaqişənin həllinə istənilən diqqəti yetirmir.
Modern.az