Modern.az

“Məni yola vermək hər adamın işi deyil, amma sağ olsun, Rəşad Məcid...” - MÜSAHİBƏ

“Məni yola vermək hər adamın işi deyil, amma sağ olsun, Rəşad Məcid...” - MÜSAHİBƏ

17 Noyabr 2012, 15:58

Yusif Rzayev: "Bizdə ictimai rəyin dəyəri yoxdur – ona görə də, hesab eləyirəm ki, yalandan atılıb-düşməyin heç bir mənası yoxdur"  

Bu gün “525-ci qəzet”in yaranmasından 20 il ötür. 1992-ci il 17 noyabrda ilk dəfə nəşrə başlayan qəzetin ilk redaktoruYusif Rzayev Modern.az saytının suallarını cavablandırıb. Yusif müəllim hazırda həmin nəşrdə baş redaktor müavinidir.

- 20 ildir ki, “525-ci qəzetin” redaktorusunuz. Bu 20 il qəzetdə sizi bezdirməyib ki?

- Bu 20 ildə ən müxtəlif vaxtlarda fərqli əhvalda bezdiyim, usandığım məqamlar çox olub. Yəqin ki, burda neçə illərdən bəri eyni işi görmək yeknəsəqliyinin də rolu var. Amma ümumiyyətlə, lap ən çox sevdiyin işlə məşğul ol, əgər işindən zövq ala bilmirsənsə, bərhəsini görmürsənsə, usanmaq da, bezmək də təbiidir. 

- Bu illər ərzində hansı jurnalistləri göstərib deyə bilərsiniz ki, “525”in buraxılışdır” ?

-  Bioqrafiya baxımından “525-ci buraxılış” sözünü bu gün mediada olan bir çox adamlara demək olar və onlar özləri də bunu tez-tez etiraf eləyirlər. Əlbəttə, insanın yetişməsi, formalaşması üçün mühit əsas şərtlərdən biridir, amma, məncə, birinci şərt deyil – birinci şərt adamın özüdür, istedadsız adam hansı mühitdə olur-olsun, sonacan kal qalır.

- Yəqinki 20 il ərzində yaddan qalan maraqlı hadisələr çox olub. Bunlardan danışardınız?

- Ən yaddaqalan hadisə odur ki, bütün qalxmalara-enmələrə, çətinliklərər baxmayaraq, “525” 20 ildir yaşaya bilib – xoş günlər də olub, qeyri-xoş günlər də, amma yaşayıb... 

- Niyə özünüz yazmırsınız? Yazmamağınızın xüsusi bir səbəbi varmı?

 - Mən sözlə nəyisə dəyişməyin mümkünlüyünə inamımı çoxdan itirmışəm – ictimai rəyin bir qara qəpik qiyməti olmayan cəmiyyətdə hansı şövqlə yazasan? Yəni bunun bir əhəmiyyəti var?

- Mətbuatın indiki çətin vaxtında necə dolanırsınız? Ümumiyyətlə, Azərbaycan mətbuatında çalışan jurnalistlərin durumu, sizi qane edirmi?

- Əlbəttə, qane eləmir. Yalandan bu suala müsbət cavab versəm, nadanlıq olar. İndi bilirsən nə yadıma düşdü? Bir söz var, deyir, eşşəklər qocalıb ölmürlər, eşşəklər yorulub ölürlər.  

- 20 ildir ki, “525”də redaktorusunuz. Bu illər ərzində başqa mətbuat orqanlarından yüksək maaşlı təkliflər almısınız?

- Təkliflər, əlbəttə, olub. Amma mənim üçün birinci maddiyyat deyil, könül rahatlığıdır. Bir də, mənimlə yola getmək. Məni yola vermək hər adamın işi deyil, amma sağ olsun, Rəşad Məcid bunu bacarır. 

- Övladlarınızdan hansınınsa sizin yolunuzu davam etdirməsini istərdinizmi?

- İki oğlum var. Amma indiyəcən onların heç birində jurnalistikaya maraq görməmışəm. Mən axşamlar evə gec gəlirəm. Onlar da, təbii ki, məni gec-gec görürlər, yəqin buna görə də jurnalistika onlar üçün cəlbedici deyil. 

- Son dövrlər elektron media çap mətbuatını üstələyir və bu artan sürətlə davam edir. Siz necə düşünürsüz nə vaxtsa, internet media çap mətbuatını, məhz “525 qəzeti”i sıradan çıxara bilərmi? 20 ildir əziyyətini çəkdiyiniz qəzetin nə zamansa bağlanacağını təsəvvürünüzə  gətirirsinizmi?

- Vallah bu mövzuda çox söhbətlər gedir və mənim üçün maraqlı deyil bu söhbət. Nəzərə alsaq ki, qəzetlətin internet varsiyaları da var, ən azından buna görə siradan çıxmaq təhkükəsi sıfıra enir məncə. Amma yazını qəzetdən, kağızda oxumağın da bir zövqü var – məncə, çap məhsullarına həmişə ehtiyac olacaq. 

- Əgər jurnalistikanı seçməsəydiniz, hansı sahədə çalışardınız?

- Bu haqda fikirləşməmişəm... 

- Bu illər ərzində baş redaktor Rəşad Məcidlə işləmək çətin olmayıb ki?

 - Bayaq dedim axı, məni yola vermək çətin məsəslədir. Bu mənada bəlkə də əksinə, Rəşad müəllim üçün çətin olduğu məqamlar olub, amma görürsünüz ki, 20 ildir bir yerdə işləyirik.

- “525-ci qəzetin” yerini Azərbaycan mətbuatında harada görürsünüz?

- Öz yerində. Heç kim heç kimin yerini tuta bilmir, hərənin öz yeri olur həyatda.

- Nədən qəzetdə “tikanlı” yazıların sayı azalıb?

- “525”in ən sərt vaxtları da olub, barışdırıcı mövqe tutduğu vaxtları da... Amma, bayaq dedim, bizdə ictimai rəyin dəyəri yoxdur – ona görə də, hesab eləyirəm ki, yalandan atılıb-düşməyin heç bir mənası yoxdur.  

- Əcnəbi qonaqlara qəzeti təqdim edəndə, qəzetin adı onlarda hansı təəssüratlar yaradır?

- Təəcüblənənlər, izahat istəyənlər çox olub, amma bəyənməyən olmayıb. “525-ci qəzet” adı ən iddiasız addır. Məncə, insanlar da belədir – dünya yaranandan ən dəyərli sözləri də elə iddiasız adamlar deyiblər həmişə.

- Sonda təcrübəli jurnalist kimi gənc jurnalistlərə məsləhətiniz: Bu peşəni seçməyə dəyərmi? 

- Pis peşə yoxdur. Bir şərtlə ki, işini sevə biləsən, işinin peşəkarı olasan. Mənim məsləhət verməklə aram yoxdur. Məsləhət vermək avaralara xas xasiyyətdir. Mənim gənclərə ancaq arzularım ola bilər – elə bir cəmiyyət olsun ki, sözün dəyəri olsun və onlar bu peşəni seçmələrinə görə peşmançılıq duymasınlar.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB