Modern.az

Ölümü ilə şayiələrə yol açan səhnəmizin Mərcanı, Çiçəyi, Almagülü...

Ölümü ilə şayiələrə yol açan səhnəmizin Mərcanı, Çiçəyi, Almagülü...

Mədəniyyət

17 Noyabr 2012, 17:38

Səhnəmizin Mərcanı, Nabatı, Çiçəyi, Almagülü, sevilən aktrisası Gülşən Qurbanovanın vəfatının 6-ci ildönümü tamam oldu. Aktrisanın ölüm xəbəri səslənəndə heç kim inanmadı, çünki, bir neçə saat əvvəl o efirdə tamaşaçılarla ünsiyyətdə omuş, sabah görüşmək ümidi ilə ayrılmışdı…

Modern.az aktrisanın vəfatı günü onu yada salıb.

Məşhur aktyorlar Ağadadaş Qurbanovun qızı, Hamlet Qurbanovun bacısı, aktyor Mübariz Əlixanoğlunun həyat yoldaşı olmuş tanınmış aktrisa, xalq artisti Gülşən Qurbanova 1950-ci il dekabrın 19-da Bakıda dünyaya göz açıb. 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsini bitirib, Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. Teatrın səhnəsində rəngarəng obrazlar yaradan aktrisa televiziya tamaşalarında, kinoda da yaddaqalan, xarakterik obrazlar oynayıb. Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə G.Qurbanova 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.
Lakin 1990-cı illərdə Azərbaycan kinosunda yaranan boşluq G.Qurbanova yaradıcılığından da yan keçməyib. Bəlkə sənətini həddindən artıq sevdiyindən idi ki, o, səhhətində problem olsa da, yaradıcılığına fasilə vermədi. Həmin illərdə o, yaradıcılığını yalnız teatrda davam etdirdi. Bundan əlavə, müxtəlif illərdə televiziyalarda “Mikser” (Lider TV), “Qaynar qazan” (ANS) verilişlərini apardı.

Nikbin, həyatsevər insan olan Gülşən Qurbanova 17 noyabr 2006-cı ildə, televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə infarkt keçirərək 56 yaşında həyata vida edib. Hər zaman “Gülüş - mənim müdafiə reaksiyamdır” deyən aktrisa ölümdən qorxduğunu da gizlətmirdi. Elə buna görə də aktrisa iş yoldaşlarına və yaxınınlarına həmişə deyərmiş ki, “əgər mən ölsəm, məni bir-iki gün saxlayın sonra basdırın. Ola bilər ki, mən dirildim”.
Həyatdan ayrılmaq istəməyən aktrisanın bu sözləri ölümündən sonra belə, onun haqqında yayılan şayiələri azaltmadı. Əksinə söz-söhbətləri daha da artırdı. Ən inanılmaz şayiə isə onun guya, klinik ölüm keçirdiyi və diri-diri torpağa tapşırılması barədə oldu. Bu şayiələr bir müddət dolaşdı, hətta yaxınları bunu təkzib etsələr belə...

Qeyd edək ki, aktrisa sağlığında “Mənim nəğməkar bibim”də Mərcan, “Şirinbala bal yığır”da Eyzəngül,  “Ana laylası”da Çiçək, “Tamahkar”da Nabat, “Şəhərli oğlan”da Şahnaz, “Fudzi dağında qonaqlıq”da Almagül, “Məhəbbət novellası”da Gülarə, “Zəncirlənmiş Prometey”də Nera, “Pul dəlisi”də Gülnaz, “Bala bəla sözündəndir”də isə ana rollarında oynamışdı. Kinoda, televiziya tamaşalarında da onu çoxlu rollarda görmüşük.

Gültəkin Ələsgər

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi