Kədər burulğanının Hamsunu
O, hələ 18 yaşında ikən ABŞ-da iki kitabını nəşr etdirməyə nail olmuşdu. 31 yaşında isə (1890) yazdığı “Aclıq” romanı onu dünyaca məşhur sənətkar etmişdi. O, həqiqətən də bənzərsiz insan və yazıçı ömrü yaşayıb. 14 yaşında gəzərgi həyata başlayan bu dahi insan, 93 yaşında yalnız halda psixoloji əziyyətlərinin pik nöqtəsində dünyasını dəyişib. Söhbət 1920-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı, görkəmli Norveç yazarı Knut Hamsundan gedir.
Ömrün acı və fərəhli illəri
Knut Hamsunun (əsl soyadı Pedersendir, lakin doğulduğu xutorun adı ilə Hamsun təxəllüsünü götürüb) ömrü boyu axtardığı mənəvi aclıq, tələbatın kökü onun uşaqlıq illərinə gedib çıxır. Belə ki, 1859-cu ildə Norveçin kasıb kəndli ailəsində anadan olan Knutu valideyinləri olduqca ağır yoxsulluq səbəbindən dayısına saxlamaq üçün verirlər. Sərt və qaraqabaq dayısının yanında Knutun ağır, acınacaqlı həyatı başlayır ki, bu təəssürat özünü onun sonradan qələmə alacağı iri həcimli əsərlərində də göstərmiş olur. Yalnız dayısının ağır xəstəliyindən sonra müstəqil həyata atılan gələcək yazar özünə bir parça çörək qazanmaqdan ötəri olmazın əziyyətlərə qatlaşmalı olur. Xoşbəxtlik sorağıyla dünyanı gəzməyə dolaşan Hamsun bir çox işlərdə-poçtalyon köməkçisi, satıcı, xırdavatçı , yol tikintisində hesabdar və. s. çalışmalı olur.
Ancaq və ancaq kənd məktəbində ibtidai təhsil alan Hamsun digər bilikləri əlinə keçən kitablardan öyrənir.
Lakin o, inanırdı...
“Mən yazıçıyam. Gün gələcək bütün Norveçdə məndən danışacaqlar”- deyə onun amerikalı dostlarından birinə yazdığı məktubunda qeyd edilən bu sözlərlə Hamsunun gələcəyə inamı insanı riqqətə gətirir. Özü də həmin dövrlər Hamsun həyatının ən qayğılı anlarını yaşayırdı lakin insan inamının yenilməzliyi, iradəsinin gücü onu yarıyolda qoymur. Gənc Hamsun dediyi kimi, sonralar təkcə doğma ölkəsi Norveçdə deyil, həmçinin bütün dünyanın sevimlisinə çevrilir.
1888-ci ildə Hamsunun həyatında yeni mərhələ başlayır. O, Avropaya qayıdıb Kopenhagendə yerləşir. Qəzetlərdə çap etdiyi “Amerikanın mənəvi həyatı” adlı oçerki böyük marağa səbəb olur. Bu maraq, üzərində səylə çalışdığı bədii əsərindən fraqmentlər işıq üzü gördükcə daha da artır. Hamsunun istedadını Brandes və Börnson da sezmişdi. 1890-cı ildə “Aclıq” romanı küll halında çap olunanda Avropa ədəbiyyatına yeni, qüdrətli və özünəməxsus istedadın gəldiyi hamıya məlum oldu.
O, hətta Bakıda da olub
1903-cü ildə Hamsun səfər təəssüratlarından bəhs edən “Nağıllar diyarında” adlı yol qeydlərini qələmə alır. O, bu səyahətə 1899-cu ildə başlayır, Peterburqu, Moskvanı sonra isə Qafqazı, Tiflisi, Batumu və Bakını gəzir. Dərin müşahidəçilik qabiliyyyətinə, güclü ironiyaya və incə yumor hissinə malik olan Hamsun ucsuz-bucaqsız Rusiya çölləri, başı göylərə çatan Qafqaz dağları, köhnə Tiflis, neft Bakısı, buranın insanları haqqında olduqca maraqlı fikirlər söyləmişdir. Yazıçı kazak çölünün özünəməxsus təbiətindən, Qafqaz dağlarının füsunkar gözəlliyindən, Azərbaycandakı şoran çöllərdən eyni məhəbbətlə bəhs edir:
“Hər tərəf ucsuz-bucaqsız çöllükdür, bir ağac belə görünmür. Sağ tərəfdə, sanki göl var, ancaq bu, göl deyil, duz səhrasıdır. Vaxt ötdükcə, duz çölü də dəyişmədən uzandıqca –uzanır. Buradan-uzaqdan o, gölə bənzəyir, adama elə gəlir ki, qatar gölün üzərilə gedir. Hava işıqlaşır; duz çöllükdə hərəkətsiz qalıb. Duz müqəddəsdir. Qafqazda da duz var. Duzu bol olan ölkə bərəkətli ölkədir”.
O, həmçinin Bakıdakı İçərişəhər və Suraxanı qəsəbəsindəki Atəşgahdan da bəhs edib.
Yazar şöhrəti ilə calanmış insan faciəsi
Ömrünün son rübündə Hamsun uşaqlığında yaşadığı ağrılı-acılı, böhranlı illərini yenidən yaşamış olur. Lakin indi o, həyatda tərk edilmiş 14 yaşlı insan yox, artıq Nobel mükafatına layiq görülmüş dünya şöhrətli sənətkar idi. 1894-cü ildə yazdığı “Pan”, 1906-da “Payız ulduzu altında”, 1912-ci ildə “Son sevinc” və nəhayət 1917-ci ildə yazdığı “Torpağın bərəkəti “ əsəri ona çoxlu oxucu məhəbbəti, dünya şöhrəti gətirmişdi. Öz acınacaqlı taleyinin bəzi izlərini əsərlərində saxlayan Hamsun təbiət insan kontrasına vurğun idi.
“Torpağın Bərəkəti “adlı əsərində insanın özünə, ana təbiətə,bir növ təbii halına qayıtması ideyası öz əksini tapıb. Lakin burjua inkişaf yoluna inamsızlığı, ictimai-siyasi məsələlərə mühafizəkar münasibəti, kapitalist işbazlığı saydığı İngiltərə və Amerikaya olan pataloji nifrəti, eyni zamanda Almaniyaya bəslədiyi rəğbət və böyük ümid, təxəyyülünün zənginliyi Hamsunun siyasi baxışlarının formalaşmasında mühüm rol oynamışdır.
Məhz bu siyasi baxışlarına görə Hamsun ömrünü ən ahıl çağalarında psixoloji təqiblərə məruz qalmışdı. Düzdü, onu qocalığına görə həbs etməsələr də, yüksək əsəb gərginliyi keçirən, qulaqları eşitməyən Hamsun ev dustağı kimi saxlanıldığı Norholmdakı malikanəsində 1952-ci ildə 93 yaşında vəfat etdi. Onun keşməkeşli taleyi əsərlərinin ən böyük memarıdır. Odur ki, əsərlərindən böyük zövq alan oxucular məhz, bu acılara minnətdar olmalıdırlar!
Elmin NURİZADƏ