Bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır qəza nəticəsində 5 nəfərin öldüyü, 21 nəfər isə yaralandığı bildirilib.
Baş verən ağır qəza gündəmdə müxtəlif müzakirələrə səbəb olub. Belə ki, bəzi insanlar hadisənin səbəbini yük avtomobili sürücüsünün 19 yaşda olmasına və qanunsuz ("Fərqlənmə nişanı" olmadan) fəaliyyət göstərməsinə yönəldirlər.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı məsələ ilə bağlı Modern.az-a danışarkən bildirib ki, qanunsuz fəaliyyət hər zaman ağır qəza hadisələrinə gətirib çıxarır:
“Bu hadisələr onu göstərir ki, sərinişin, yükdaşıma qanuni fəaliyyət kimi nəzarət altında olmalıdır. Təcrübə göstərir ki, qanunsuz fəaliyyət ağır nəticələrə gətirib çıxarır. Çünki qanuni fəaliyyət göstərən sürücülərdə az da olsa nəzarət, məsuliyyət, qorxu hissi var. Qanunsuz fəaliyyətə heç bir nəzarət mexanizmi, yuxu, iş, istirahət rejimi yoxdu deyə nəticəsi ağır olan hadisələr baş verir. Nəzarət mexanizmi olmadığı üçün sükan arxasında oturan şəxsin yaşı, təcrübəsi ilə də maraqlanmırlar.
Yük maşınlarının idarə olunması üçün ən azı 3-5 illik təcrübə tələb olunmalıdır. Ona görə bu hadisə çox ciddi araşdırılmalı və hər nüansına fikir verilməlidir.
Hadisənin sürücünün yuxuladığı üçün baş verdiyi açıqlanıb. Bu ciddi narazılıq yaradır və bizim dediyimiz məsələnin üzərinə gəlirik ki, sürücülərin istirahət və iş rejiminə ciddi nəzarət olunmalıdır.
Eyni zamanda, təbliğat işi aparılmalıdır. Başa salmalıdırlar ki, bu faciədir”.
Bəs, yük avtomobilinin tabe olduğu şirkət məsuliyyətə cəlb oluna bilərmi?
Ekspert qeyd edib ki, yük avtomobili şirkət tabeliyində olduğu üçün həmin şirkət də məsuliyyətə cəlb olunacaq:
“Maşını idarə edən sürücünün buna hüquqi çatıb-çatmadığı araşdırılmalıdır. Təbii ki, avtomobil şirkət tabeliyində olduğundan həmin şirkət məsuliyyətə cəlb olunacaq. Qanunvericilikdə belə hallarda həm hüquqi, həm fiziki şəxslərin də ayrıca məsuliyyəti nəzərdə tutulur.
Ümumiyyətlə, sürücülük vəsiqələrinin verilməsi daha da təkmilləşdirilməlidir. Sürücülərin psixoloji durumu, sağlamlığı diqqətdə saxlanılmalıdır”.
E.Muradlı sürücülərə acgözlükdən əl çəkməyi təklif edib:
“Ailəsini, cəmiyyəti düşünən insan acgözlüyü kənara qoyub, gün ərzində 8 saat işləməlidir. Fikirləşər ki, bu gün 8 saat işlədim bəsdi. Yoxsa, acgözlük edib 24 saat işləmək belə xoşagəlməz hadisələrə gətirib çıxarır. Belə insanlar sürücülük vəsiqəsi yox, Elmlər Akademiyasının diplomunu da alsa, xeyri yoxdur.
Bunların qarşısını almaq üçün ciddi nəzarət olmalıdır. Ciddi nəzarət keçmiş Nəqliyyat Nazirliyinin dövründə edilirdi. Nəqliyyat qoçuları onları tutub döyürdü, maşınlarını alıb cərimə meydançasına aparırdılar. Sonra bu sistem ləğv edildi, sürücülərə bir az sərbəstlik verildi ki, qanuni fəaliyyət göstərin. Bir müddət sonra ortaya çıxdı ki, yox, biz qılınc müsəlmanıq, başımızın üstündən yumruq əksik olmamalıdır. Ən dəhşətlisi də budur. Başqa cür mümkün deyil”.
Qeyd edək ki, bugünkü qəzanı törədən yük avtomobilinin sürücüsü - 2002-ci il təvəllüdlü Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.