Modern.az

Jurnalistlər üçün tikilən mənzillər hansı meyarlarla verilsin? - AKTUAL SORĞU

Jurnalistlər üçün tikilən mənzillər hansı meyarlarla verilsin? - AKTUAL SORĞU

Media

20 Noyabr 2012, 13:15


Bibiheybətdə dövlət hesabına jurnalistlər üçün tikilən evdən mənzil almaq  meyarlarının elan olunmasına çox az qalıb. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru bu meyarların fevral ayında elan olunacağını deyib. Bəs jurnalistlərin özü bu meyarları necə müəyyən edirlər?

Modern.az-a açıqlamasında Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məsələnin gündəmə gəlməsində PJB-nin xüsusi rolu olduğunu və çəkilən zəhmətə dəyəcək ədalətli bölgü aparılacağına inandığını deyib.
“Azərbaycanda və dünyada sosial cəhətdən zəif təmin olunmuş təbəqələr arasında jurnalistlər birinci yerdə dururlar. Bu peşəyə gələnlər bəri başdan bunu göz önünə almalıdırlar. Mənzilsiz jurnalistlər üçün mənzilin tikilməsi çox gözəl və böyük bir hadisədir. Deyərdim ki, bu dünyanın heç bir ölkəsində olmayan bir məsələdir . Ona görə də məsələnin həllinə çalışanlar alqışa layiqdirlər. Parlament Jurnalistləri Birliyi olaraq Azərbaycanda bu məsələni ilk dəfə biz gündəmə gətirmişik və o zamanlar jurnalist mənzil-tikinti kooperativi yaratmışdıq. Qeyd edim ki, 60-dan artıq jurnalist bu kooperativin üzvi idi. Eyni zamanda aparıcı KİV-in əksəriyyəti bu kooperativdə təmsil olunurdular. Bunu kimsə dana bilməz. Milli Məclisdə məsələnin dəfələrlə səsləndirilməsi, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısı ilə və sabiq iqtisadi inkişaf naziri ilə görüşümüz və Bakı Şəhəri İcra Hakimiyyəti ilə birgə boş torpaq sahələrinin axtarılması və s. bu kimi ciddi işlər görüldü. Yenə də qeyd etmək istəyirəm ki, məsələ öz həllini tapdı. Xeyli müddət keçib. Vaxtilə siyahıda olanların 70%-i özünü mənzillə təmin edə bilib. Amma hələ də evsiz olan jurnalistlər var. Biz əvvəlcədən bu düşüncədə olmuşuq ki, jurnalistin meyarları ailə vəziyyəti, media sahəsində neçə il çalışması və çalışdığı media qurumunun ölkənin ictimai-siyasi həyatında tutduğu yer əsasında müəyyən edilməlidir. Bu kimi meyarlar diqqətdə saxlanılarsa, onda məsələnin öz həllini tapmasında mühüm rol oynayar. İstənilən halda məsələni alqışlayırıq və hesab edirik ki, ədalətli bölgü olacaq , gerçəkdən ehtiyacı olan jurnalistlərə mənzil veriləcək”.

Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə məsələnin bu cür qoyuluşundan narazıdır. “Biz hesab edirik ki, 5 mln. manat vəsaitin bu cür xərclənməsi, yəni 100 nəfər jurnalistə ev verilməsi və s. yanaşma tərzi özü-özlüyündə çox ziyanlıdır. Bu, ən azı problemi həll etmək əvəzinə problemlər yaradacaq. Biz bunu yanlış addım hesab edirik. Bu səbəbdən yanlış adımın meyarlarını necə müəyyənləşdirə bilərik?!”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da meyarların hazırlanmasında birinci növbədə ehtiyac məsələsini önə almağı vurğulayıb. “Meyarlar haqqında danışmaq hələ də tezdir . Yəqin ki, 2013-cü ildə bina tam hazır olacaq. Bunların hamısı KİVDF-yə bağlı olan məsələlərdir. Çünki bu binaların tikilməsinə Fond cavabdehdir. Hələ ki xüsusi qaydalar yoxdur. Qaydalar gələn ilin birinci yarısında hazır olacaq. Əsas təklif ondan ibarətdir ki, Azərbaycan jurnalistikasında xidməti olan insanlar həmin binadan yararlansınlar. Uzun müddət mətbuatda olsun, jurnalistikanın prinsiplərinə sadiq və peşəkar, ən nəhayət ehtiyacı olsun. Qaydalar hazırlananda bu prinsiplər əsas götürüləcək”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə hər bir jurnalistin evi olması ilə yanaşı, onların “kişi” kimi yazı yazmalarını da istəyir. “Məsləhət bilsələr,  fikir söyləmək olar. Amma indi heç bir meyarım yoxdur. Çünki hərənin öz subyektiv fikri ola bilər. Mənim dəyərləndirdiyim şeylərə digərləri dəyərsiz bir şey kimi baxa bilər. Hər halda soruşsalar, nəsə deyərəm. İstəyərəm ki, hamının evi olsun, hamı yaxşı dolansın ki, özlərini kişi kimi apara bilsin, kişi kimi də yazı yaza bilsin”.

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə evsiz jurnalistlərlə bağlı KİVDF tərəfindən müəyyənləşdirilməli meyarlar hələlik açıqlanmadığı üçün bu barədə danışmağın çətin olduğunu deyib.
“Fond onları açıqlayandan sonra bizim öz təkliflərimizi səsləndirməyimiz daha ədalətli olar. Ola bilsin ki, Fond tərəfindən açıqlanan meyarlar hamını qane etsin. Mənə elə gəlir ki, evsiz jurnalistlər mənzillə təmin olunarkən ilk növbədə onların mətbuatdakı xidmətləri nəzərə alınmalıdır. Bir də çalışmaq lazımdır ki, evlər həqiqətən həmin mənzillərə ehtiyacı olan insanlara verilsin”.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli isə təşkilat rəhbəri olaraq təkliflərini yalnız fondun müzakirələri zamanı bildirəcəyini qeyd edib. 

Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
Bakının Bibiheybət qəsəbəsində kitab formasında tikilən bina iki bloklu 16 mərtəbədən ibarət olacaq. Binada təxminən 150 evsiz jurnalist iki və üçotaqlı təmirli mənzillə təmin olunacaq. Binada son tamamlama işləri görülür.


 

Şahanə Rəhimli   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi