Modern.az

Dövlət Gömrük Komitəsinin “ikinci şəxsi” - generalın kolxozdan başlayan fəaliyyəti

Dövlət Gömrük Komitəsinin “ikinci şəxsi” - generalın kolxozdan başlayan fəaliyyəti

20 Noyabr 2012, 16:04

Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurlar arasında uzun müddətdir eyni kürsüdə əyləşənlər də var, nisbətən az staja malik olanlar da. Müşahidələr göstərir ki, bəzi dövlət qurumlarında rəhbər şəxslə yanaşı, birinci müavin postunu tutan məmur da – həmin orqanın ikinci şəxsi - eyni vəzifəni illərdir dəyişmir.
Nazirliklərdə, komitələrdə, digər dövlət qurumlarında ikinci şəxslər kimlərdir? Bəzi hallarda geniş səlahiyyət sahibləri olan “ikinci şəxslər” bilərəkdən kölgədə qalmağa çalışırlar.

Modern.az saytı dövlət qurumlarının “ikinci şəxs”lərini təqdim edir... Onlar barəsində cəmiyyətdə müxtəlif fikirlər dolaşır... Başlayaq Dövlət Gömrük Komitəsindən...

Dövlət Gömrük Komitəsinin “ikinci şəxsi” də uzun müddətdir vəzifəsini dəyişməyən məmurlar sırasına daxildir. General-leytenant Səfər Mehdiyev 7 ilə yaxındır Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini postunu tutur. 

Gömrük xidməti general-leytenantı 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlayıb.
Bir müddət sonra isə gömrük sistemində işə keçib.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışıb.
Tezliklə S.Mehdiyevin bu sistemdə vəzifə pilləsi daha da böyüyüb. O, 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləyib.
2006-cı ilin fevral ayından Səfər Mehdiyevə daha yüksək etimad göstərilib və o, komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub.

Dövlət Gömrük Komitəsində (DGK) “ikinci şəxs” olmasına baxmayaraq mətbuat ondan tez-tez yazır. Komitə daim ölkəyə gətirilən mallara dövlət rüsumundan artıq “haqq” qoyan qurum olaraq təqdim olunur. Maraqlıdır ki, bu məsələdə əsas fiqur olaraq komitə sədrindən çox “ikinci şəxs”in adı hallandırılır. Qeyd edilir ki, DGK-dakı bütün bölgüləri və alış-verişi də o, özü aparır.
Media vaxtaşırı olaraq general Səfər Mehdiyevi gömrükdə yol verilən qanunsuzluqlara görə ittiham edir, “vurur”, eyni zamanda onu inhisarçılığı himayə edən məmur kimi də xarakterizə edir. Bildirlir ki, ölkəyə gətirilən bəzi mallar məhz S.Mehdiyevin monopoliyasındadır.

Bir ara S.Mehdiyevin vəzifəsindən azad olunacağı barədə iddialar da səsləndirilib. Amma hələki Dövlət Gömrük Komitəsində “ikinci şəxs”nin “vurulma” prosesi baş verməyib. Bunun baş verməməsini izah edənlər Səfər Mehdiyevin əvvəllər Dövlət Gömrük Komitəsinin “birinci şəxsi” olmuş fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə əlaqələndirirlər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi