İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin mətbuat xidmətinin rəhbəri seyyid Məhəmməd Ayətullahi Azərbaycan Respublikası Milli Məclisinin deputatı Zahid Orucun İranı terroru dəstəkləməkdə irəli sürdüyü ittihamı əsassız adlandırıb.
Səfirlikdən Modern.az saytına verilən açıqlamada bildirilib ki, Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc qərəzli mövqedən çıxış edərək Azərbaycan Respublikasına qarşı həyata keçirilən terror cəhdlərinin kökündə İran İslam Respublikası və onun siyasi maraqlarının dayandığını iddia edib.
Səfirliyin Mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmməd Ayətullahi Zahid Orucun bu sözlərini səhv və əsassız hesab edərək, bildirib:
“Azərbaycan Respublikasının şərəfli xalqı yaxşı bilir ki, İran özü terrordan əziyyət çəkmiş dövlətdir və bu ölkənin bir çox rəsmiləri və nüvə alimləri də terrora məruz qalmışlar. Terrora qarşı mübarizə aparmaq İranın xarici siyasətinin əsas məqsədlərindəndir və Tehran terrorizmə qarşı mübarizədə döst ölkələr, o cümlədən Azərbaycan Respublikası ilə əməkdaşlığa hazırdır”.
Modern.az