Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə noyabrın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindəki "Fərid" yanacaqdoldurma məntəqəsində baş verib. Belə ki, yanacaqdoldurma məntəqəsinə gəlmiş, maskalı 2 naməlum şəxs orada işləyən Cavanşir Bayramova tapança və avtomat silahlarla hədələyərək əl-qolunu yapışqanlı kağızla bağlayıb, oradan 4000 manat pul aparıbdır.
Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gürcüstan vətəndaşları Nodar Qaruçava tutulmuş, Anquli Apşilava və Aleksandre Apşilava isə müəyyən ediliblər. Qaruçava Nodarın idarə etdiyi "Man" markalı avtomaşına baxış zamanı hadisə törədilərkən istifadə olunmüş 1 ədəd "AK" silahı, 1 ədəd "Revolver" markalı tapança, 1 ədəd süngü-bıçaq, 1 ədəd patron darağı, 30 ədəd avtomat və 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.
Modern.az